Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində yayılan Ebola epidemiyası nəticəsində 65 nəfər həyatını itirib, yoluxma hallarının sayı isə 246-ya çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri məlumat yayıb.
Bildirilib ki, Uqanda və Cənubi Sudan sərhədinə yaxın ərazilərdə qeydə alınan epidemiya ilə bağlı beynəlxalq səviyyədə xəbərdarlıq edilib.
Məlumata görə, şübhəli hallar, əsasən, Monqvalu və Rvampara bölgələrində cəmləşib. İturinin inzibati mərkəzi Buniyada da Ebola şübhəsi ilə yeni halların qeydə alındığı bildirilib.
Kinşasadakı Milli Biotibbi Tədqiqat İnstitutunda analiz edilən 20 nümunədən 13-də Ebola virusu təsdiqlənib. Hazırda virusun genetik analizi davam etdirilir.
Səlahiyyətli qurumlar epidemiyanın sərhədyanı yayılmasının qarşısını almaq üçün xüsusilə Uqanda və Cənubi Sudan ilə koordinasiya tədbirlərini gücləndirib.
Vurğlanır ki, bu, 1976-cı ildən bəri Konqo Demokratik Respublikasında qeydə alınan 17-ci Ebola epidemiyasıdır.
Qeyd edək ki, Ebola virusu ağır hemorragik qızdırmaya səbəb olan ölümcül infeksiyadır. Virus ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku bölgələrində aşkarlanıb. Xəstəliyə adını isə epidemiyanın başladığı əraziyə yaxın yerləşən Ebola çayından götürüb.
Virus xüsusilə 2014-2017-ci illərdə Qərbi Afrikada geniş yayılaraq Qvineya, Liberiya və Syerra-Leonedə çox sayda insan itkisinə səbəb olmuşdu. Həmin dövrdə 30 mindən çox insan virusa yoluxmuş, 11 mindən çox şəxs həyatını itirmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.