AZ

Şənbə üçün nəzm

Mənim səndən uzaqlarda

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,

Ay gözəlim, ay göyçəyim.

Çəmənim, çölüm, çiçəyim,

Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,

Nə sirdi anlamaz yetən.

Gözü, könlü dil-dil ötən,

Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,

Yaqut-yəmən, simu-zərim,

Barmaqları bəxtəvərim,

Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,

Yarı öz ömründən, yarı.

İbrahimin sitəmkarı,

Necəsən, zalım, necəsən?

***

Hardasan dünyanın halal Adamı,

Hardasan, varmısan?-Səsimə səs ver.

Məndən o tərəfə sən tükənirsən,

Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,

Nə kökdədi dünya, xəbərin varmı?

Tapşırıb yellərə, büküb al-qana,

Bir ürək yollasam sənə çatarmı?

Bilərmisən hankı məmləkətdənəm,

Hansı millətdənəm bilərmisən sən?

Bu aciz halıma ucalığından,

Baxıb acı-acı gülərmisən sən?

Vurnuxub qalmışam dünya içində,

Mənə bir yol salğa özünə doğru.

Qurtulum bəşərin adiliyindən,

Sürünüm mübarək izinə doğru.

Hardasan dünyanın halal Adamı?-

Sən haqsan, sən varsan!-Səsimə səs ver.

Qapında ən sadiq nökərin ollam,

Mənə bu Şahlığı, nolar, tələs ver.

***

Küfr mənlik deyil... Əstəğfürullah! -

Sənə can atıram, sənə, İlahi!

Şeytan bardaş qurub kürəyimizdə,

Aman vermir gələk dinə, İlahi!

Burdan daşlayırsan, o yandan çıxır,

Ordan təpinirsən, burda hazırdı.

Dünən gözlərimlə gördüm, masamda

Əyləşib yerimə şeir yazırdı.

İşə yüyürürsən - iş yerindədi,

Dükana girirsən - vitrindən baxır.

Meyxanadan qovub rədd eləyirsən,

Məscidin önündə qarşına çıxır.

Gah əziz dost kimi girir qollara,

Gah qarşı səngərdə top dalındadı.

Gah dilənçimisal çıxır yollara,

Gah milyonermisal qul halındadı.

Bir əli göydələn saraylar tikir,

Bir əli ehmalca qazır altını.

Söyürəm, əlimdən özgə nə gəlir,

Hərçi - pətərinin yeddi qatını.

Elə qucaqlayıb Yer kürəsini,

Bir küncü - bucağı çıxmır yadından.

Şərqdə müharibə alovlandırır,

Qərbdə dil - dil ötür “barış” adından.

Yerdə sahibidi küll-ixtiyarın,

Mahuyət-ül iblis, surət-ül cindi.

Şahlar ən sevimli oyuncaqları,

Rəiyyət əlində plastilindi.

Yoxmu bu gedişin dönüşü, yoxmu,

Yoxmu bu gərdişin sonu, İlahi?!

Bu şeirdə şeytan barmağı varsa,

Məni bu qələmdən qoru, İlahi!

***

O sevdalı çağlar yadındadırmı?-

Bir mən igidiydim, bir də sən gözəl.

Dünyada mənə tay dəli yoxuydu,

Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən

İpək tellərinə nərgizlər hörən?...

Səniydin onlara yaraşıq verən,

Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-

Sənin divanənəm elə o vaxtdan.

Gözümə ağ gəlib yola baxmaqdan,

Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim - vaxtdı, uzatdım,

Sənsizlik adıyla başımı qatdım...

Göynəyə-göynəyə əlliyə çatdım,-

Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb -

Dönüb sənə baxmaq sayılar ayıb...

Aradan qırx igid ömrü adlayıb,-

Mən həmən dəliyəm, sən həmən gözəl!

Açıb pəncərəni çölə baxanda?

Yenəmi ürkəksən həminki kimi,-

Yenəmi qorxursan şimşək çaxanda?

Kəndə dönürsənmi xəyallarında,-

Yadına düşürmü o payız günü?..

Birlikdə məktəbdən evə dönürdük,

Yeni haqlamışdıq “Sarı körpü”nü.

...Və qəfil başladı leysan tökməyə,

Sel ağzına aldı bərəni-bəndi.

Bir anın içində çay aşıb-daşdı,

İki yerə böldü “İncəsu” kəndi.

Başqa yermi vardı daldalanmağa?-

Qaçıb akasyanın altında durduq.

Birdən çəpərində Osman dayının

İşıq dirəyini ildırım vurdu...

Titrəyib əsirdin həyəcanından,

Tutub əllərindən,- qorxma söylədim.

Qorxulu nağıllar düşdü yadıma,-

Sənin qəhrəmanın olmaq istədim.

Xəyalən özümü çaya vururdum,

Ağaclar axırdı pərli-budaqlı...

Guya köhlənlər də yara bilməyən

Seli yaracaqdım... Eh, uşaq ağlı...

Yadındamı o nur, o ipək qarı?-

Sənəm nənə... Qaşdan bizə baxırdı.

-Ay bala, sətəlcəm olarsınız ki!-

Deyib, əl elədi, evə çağırdı...

Sonrası... Nə deyim, sonrası heç nə,

Buludlar dağıldı, yağış da kəsdi...

Ancaq, ürəyimdə şırım açmağa

Mənə bu xatirə bir ömür bəsdi.

Sizin də məhləyə yağış yağırmı?-

Sular sevişirmi navalçalarda?

Qırx ildi həmincə ağacın altda

Səni gözləyirəm, hardasan, harda?!

Seçilən
60
1
yeniazerbaycan.com

2Mənbələr