AZ

Cıdır düzü yenə beynəlxalq səhnəyə çevrilib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yenə də çal-çağırdır. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalına bu il Cıdır düzündə "Mənim Azərbaycanım" rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun "Cənnətim Qarabağ" əsəri ilə start verilib. 

Açılışda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, "Xarıbülbül" Musiqi Festivalı ilk dəfə 1989-cu ildə keçirilib. Həmin ilin mayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayan festival Şuşada davam etdirilib. Yekun konsert isə Ağdamda təşkil olunub. Növbəti ildən "Xarıbülbül" Musiqi Festivalı beynəlxalq status alıb. Festival üçüncü dəfə 1991-ci ildə düzənlənib. Tədbirin 25 ölkədən 300-ə yaxın iştirakçısı olub. O zaman erməni quldurları Qarabağda törətdikləri münaqişəni gündən-günə alovlandırırdılar. Odur ki, əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri isə Bərdə və Ağcabədidə verilib.

O vaxtadək keçirilən tədbirin ən böyüyü "Xarıbülbül" IV Musiqi Festivalı olmalı, 1992-ci il mayın 15-də başlamalı idi. Festivalda dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Ancaq Birinci Qarabağ müharibəsinin başlaması və Ermənistanın ərazilərimizi, o cümlədən 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdiyi üçün tədbir ləğv edilib.

Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra "Xarıbülbül" Musiqi Festivalı  yenidən Şuşada düzənlənməyə başlayıb. 2024-cü ildə Şuşa ilə yanaşı, festival Laçın şəhərini də əhatə edib. Bu dostluq və musiqi bayramına dünyanın bir çox ölkəsindən çoxsaylı musiqi kollektivləri və solo ifaçılar qatılıb. ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Yaponiyadan gələn incəsənət xadimləri təkrarsız ifalarla çıxış ediblər. 

Yaradıcı gənclərin bacarıq və ideyalarını, o cümlədən milli sənət ənənələrini müasir baxışla təqdim etmələri üçün mühüm platformaya çevrilmiş "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı bu il də ənənələrinə sadiq qalıb. Cıdır düzündə keçirilən konsert proqramında Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri çıxış ediblər. Gənc musiqiçilərin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət rəngarəng musiqi proqramı maraqla qarşılanıb. Konsert dünyaşöhrətli müğənni Müslüm Maqomayevin "Azərbaycan" əsərinin səsləndirilməsi ilə başa çatıb.

Açılışda nümayiş edilən Cefri Verbokun "Şuşa, sevgilim" adlı sənədli filmi də maraqla qarşılanıb. Bu film Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından təqdirəlayiq bir layihədir. Eyni zamanda film Azərbaycan xalq musiqisinin vurğunu, muğamlarımızı məharətlə ifa edən amerikalı Cefri Verbokun Ulu Öndər Heydər Əliyevə illər öncə verdiyi vədin yerinə yetirilməsinin rəmzidir. "Şuşa, sevgilim" filmi Azərbaycan muğamını və Qarabağın mədəni irsini dünyaya tanıtmaq, Şuşanı sənət vasitəsilə yaşatmaq məqsədini qarşıya qoyub.

Azərbaycanın qədim və əsrarəngiz şəhəri Şuşa memarlıq inciləri ilə zəngindir. Onlardan birinin - Xan qızı Natəvanın sarayının qarşısında türk musiqi mədəniyyətinə yeni nəfəs gətirən, əsas missiyası türk xalqlarının musiqi vasitəsilə birliyi olan Qazaxıstanın "Turan" Etno-Folk Ansamblının konserti təqdim edilib. Ansambl türk dünyasının musiqisini səsləndirib. Tədbirdə musiqi kollektivi Azərbaycanın "Ay, Laçın" əsərini də ifa edib. Qeyd edək ki, folklor musiqisini muasir tələblərə uyğunlaşdıran kollektiv dünya səhnəsinə çıxarmağa müvəffəq olub. "Turan" dünyanın 122 regionunda 3 minə yaxın solo konsert proqramı ilə çıxış edib. 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
77
azerbaijan-news.az

1Mənbələr