ain.az bildirir, Cebheinfo portalına istinadən.
Qondarma Dağlıq Qarabağ Respublikasının “xarici işlər naziri” kimi Azərbaycan ərazilərinin işğalında və digər müharibə cinayətlərində təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş David Babayan həbsxanadan avantürist açıqlama yayıb.
Ailəsi vasitəsilə Ermənistan mətbuatına audiomüraciət göndərən Babayan məhkəmə prosesində guya hüquqlarının pozulduğuna dair iddialar irəli sürməklə özünün günahsız olduğu barədə rəy yaratmağa çalışıb.
Babayanın çıxışının mətni ilə tanış olduqda isə onun əsas niyyətinin məsələni beynəlxalq siyasi platformalarda və məhkəmə instansiyalarında gündəmə gətirməklə azadlığa çıxmaq olduğu görünür.
Qeyd edək ki, David Babayan Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir.Cinayətkar rejimin keçmiş “xarici işlər naziri” bütün dünya ermənilərinə, hüquq müdafiəçilərinə və jurnalistlərə müraciət edərək apellyasiya məhkəməsində baxılması üçün təqdim etdiyim ərizəsinin itdiyini iddia edir:
“Başqa bir məktub yazmağa məcbur olduq, amma cavabını bilmirik. Beləliklə, apellyasiya şikayəti verməyimin qarşısını almağa cəhd göstəriləcəyi istisna olunmur”.
Lakin Babayanın sonrakı cümlələri onun əsl niyyətinin nədən ibarət olduğuna aydınlıq gətirir:
”Xahiş edirəm ki, bu məlumatı beynəlxalq məhkəmə icraatı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün əsas kimi qəbul edin.
Biz məsələni yalnız bu yolla həll edilə bilərik. Hamınızı, bütün xoşməramlı insanları və dünyanın hər yerindəki erməniləri bu işdə bizə kömək etməyə çağırıram. Mən bunu ədalət, demokratiya, insan hüquqları və əsl sülh naminə edirəm. Hesab edirəm ki, bu, yeganə yoldur.
Mən vətənpərvər erməniləri birləşməyə və hüquqlarımızı müdafiə etməyə çağırıram. Çünki biz beynəlxalq məhkəməyə müraciət edəcəyik”.
Halbuki, David Babayanın vəkili Cavad Cavadov “Musavat.com”a açıqlamasında apellyasiya instansiyasına göndərilən sənədlərin itməsi barədə deyilənlərin beynəlxalq məhkəmənin predmeti olmadığını deyib:
“Əgər hər hansı sənədin itməsi və ya çatdırılmaması ilə bağlı iddia varsa, bunun hüquqi mexanizmlərlə araşdırılması mümkündür və bu, beynəlxalq tribunal ritorikasına çevriləcək bir məsələ deyil”.
Yəni David Babayan apellyasiya məhkəməsinə müraciət etmək üçün vəkili vasitəsilə qanunvericilik qaydasında araşdırılma aparılmasını tələb edə bilər. Sadəcə olaraq, bu məsələnin beynəlxalq müstəviyə çıxarılması bu proses ətrafında siyasi şou düzəltmək məqsədi daşıyır.
Babayanın bütün erməniləri birləşməyə çağırması ilə “Miatsum” xəyallarının hələ onun başından çıxmadığı və mövzunu siyasiləşdirməyə çalışdığı açıq hiss olunur. Babayanın ərizəsini və məktubunu gizlətmək heç bir məhkəmə orqanının marağında deyil.
Çünki onun cinayətləri birinci məhkəmə instansiyasının qərarını ləğv etməyəcək qədər ağırdır. David Babayan məhkəmə iclaslarının heç birində özünün günahsız olduğunu və cinayət əməlinə yol vermədiyini deməyib.
O, bütün ittihamları şahidlərin iştirakı, sənədlər, foto və video materiallar əsasında etiraf edib. David Babayan 2023-cü ilin sentyabr ayında Azərbaycan hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Əgər Babayanın günahı, cinayəti yoxdursa, ona qarşı irəli sürülən ittihamlar saxtadırsa, nə üçün təslim olurdu?
İndi Babayan Avropadan və Ermənistandan səslənən bəzi hay-küylü bəyanatlardan ruhlanaraq görünür, aranı qarışdırmaq və azadlığa çıxmaq həvəsinə düşüb. Avropa Parlamentinin aprelin 29-da Azərbaycan əleyhinə ermənipərəst qətnamə qəbul etməsi və müharibə cinayətkarlarını azadlığa buraxmaq çağırışı çox güman ki, David Babayanda ümid yaradıb.
Digər tərəfdən, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiyanın himayə etdiyi revanşist müxalifətin bəyanatları, Robert Köçəryanın, Samvel Karapetyanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi David Babayanı hərəkətə gətirib.
Ancaq bütün bunlar Babayanın “nazir” olduğu qondarma rejimlə birlikdə tarixin zibil yeşiyinə atılıb. David Babayanın müraciəti ilə bağlı Ermənistanın xarici işlər nazirinə ünvanladığı müraciətinə Ararat Mirzoyanın “Şərhsiz” cavabını verməsi rəsmi İrəvanın müharibə cinayətkarlarının azadlığa çıxmasında maraqlı olmadığını göstərir.
Çünki Babayan və onunla bərabər həbs olunmuş Bako Saakyan, Arkadi Qukasyan, Araik Harutyunyan, Levon Mnatsakanyan, Ruben Vardanyan və başqalarının azadlığa buraxılması Ermənistanı növbəti dəfə müharibəyə sürükləməyə, bölgədə formalaşmaqda olan sülhün və sabitliyin təhlükə altına düşməsinə gətirib çıxara bilər. Bu isə Ermənistanın bir dövlət kimi suverenliyinə son qoyulması deməkdir.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.