AZ

Aygün Attar: Prezident İlham Əliyev Türküstanda dünya siyasətinə yön verən mesajlar səsləndirib VİDEO

Bakı, 16 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Türk Dövlətləri Təşkilatının əsasını qoyan Naxçıvan Sazişi məhz Ümummilli Liderin adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar bildirib.

O, qeyd edib ki, Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən dünyaya mühüm mesaj verilib.

“Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman olduğu kimi diplomatik uzaqgörənlik nümayiş etdirərək təkcə Türk dünyasına deyil, dünya siyasətinə yön verən mesajlar səsləndirdi. O, çıxışında xüsusi vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı və onun bütün qurumları artıq real strateji əhəmiyyət daşıyır və təşkilatın gücü daha da artırılmalıdır. Bu isə bizim üzərimizə ciddi vəzifələr qoyur. Müasir dünyada beynəlxalq münasibətlər sistemi sürətlə və xaotik şəkildə transformasiyaya uğrayır. Bu gün beynəlxalq hüququn harada başlayıb, harada bitdiyini müəyyən etmək çətindir. Əgər beynəlxalq hüquq həqiqətən işləsəydi, 30 il işğal altında qalan Azərbaycan torpaqları ilə bağlı ədalətli mövqe ortaya qoymayan Avropa Parlamenti, Azərbaycanın BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan maddəsinə əsaslanaraq torpaqlarını azad etməsindən sonra ölkəmizə qarşı qərəzli qərarlar qəbul etməzdi”, – deyə fond sədri qeyd edib.

O bildirib ki, insan hüquqları və beynəlxalq hüquq adı altında fəaliyyət göstərən bəzi qurumlar ədalətli yanaşma sərgiləmir və Azərbaycana qarşı qərəzli münasibəti davam etdirirlər: “Mən məcburi köçkün ailəsinin övladı olaraq bunu açıq şəkildə deyirəm. Azərbaycana qarşı qərəzli kampaniyalar davam etdirilir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan öz haqq mübarizəsini uğurla davam etdirir və Türk dünyasının birliyi bu prosesdə mühüm rol oynayır”.

Müxbir - Səbinə Əlizadə
Fotoqraf - Azər İbrahimov

 

Seçilən
0
3
azertag.az

4Mənbələr