AZ

Məşhur jurnalistin qətli yenidən GÜNDƏMDƏ: Fransa Səudiyyə vəliəhdinə qarşı HƏRƏKƏTƏ KEÇDİ

Fransada bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı şikayəti əsasında təhqiqata başlanılacaq.

Musavat.com xəbər verir ki, vəliəhd şahzadə 2018-ci ildə müxalif jurnalistin qətlində əli olmaqda ittiham edilir; bu barədə "Euronews" telekanalı məlumat yayıb.

"Trial International" və "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatlarının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı şikayətindən sonra, fransalı müstəntiq-hakim səudiyyəli jurnalist Camal Qaşıqçının ölümünün araşdırılması ilə məşğul olacaq.

ABŞ-da yaşayan müxalif jurnalist 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilib. Onun parçalanmış cəsədi indiyədək tapılmayıb. ABŞ xüsusi xidmət orqanları qətlə görə birbaşa məsuliyyəti Məhəmməd bin Salmanın üzərinə qoyublar.

2022-ci ilin iyulunda, vəliəhd şahzadənin Fransaya səfəri zamanı "Trial International" və Camal Qaşıqçının çalışdığı "Democracy for the Arab World Now" (DAWN) təşkilatları məhkəməyə müraciət edib, daha sonra isə onlara "Sərhədsiz Reportyorlar" da qoşulub.

Bununla belə, Milli Antiterror Prokurorluğu (PNAT) bu növ cinayətlər üzrə həmin təşkilatların şikayət vermək hüququnun olmadığını əsas gətirərək, Fransada təhqiqatın açılmasına qarşı çıxmışdı. Bu qərar "Sərhədsiz Reportyorlar" təşkilatının vəkili Emmanuel Do tərəfindən kəskin tənqid olunub. Vəkil bu addımı "Səudiyyə hakimiyyətini qıcıqlandırmamaq üçün Fransanın ali iqtisadi maraqları naminə atılan siyasi praqmatizm" adlandırıb.

Şikayətçi təşkilatlar Məhəmməd bin Salmanı mütəşəkkil qrup tərəfindən törədilmiş işgəncə və məcburi itkin düşmədə iştirakçılıqda, xüsusən də tabeçiliyində olan şəxslərə Camal Qaşıqçını "boğaraq öldürmək barədə əmr verməkdə" ittiham edirlər.

Apellyasiya Məhkəməsinin qənaətinə görə, "bu əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi istisna oluna bilməz".

Milli Antiterror Prokurorluğundan təsdiqləyiblər ki, şikayətə artıq İnsanlıq Əleyhinə Cinayətlərin Araşdırılması Şöbəsinin müstəntiq-hakimi baxacaq.

Məhkəmə prosesində mülki iddiaçı qismində çıxış edə bilməyəcək DAWN təşkilatı baş verənləri "ədalətə doğru mühüm bir addım" adlandırıb.

Beynəlxalq birlik tərəfindən faktiki təcrid olunduğu dövrdən sonra Səudiyyə Ərəbistanı zamanla öz mövqelərini bərpa edib. Məhəmməd bin Salman 2025-ci ilin sonunda Ağ Evdə Donald Trampla görüşü zamanı bu qətli "böyük bir səhv" adlandırsa da, hadisədə öz iştirakını heç vaxt etiraf etməyib.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr