Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 16 may, AZƏRTAC
XXI əsr beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqların formalaşdığı, siyasi və iqtisadi güc balansının yenidən müəyyənləşdiyi mürəkkəb tarixi mərhələ kimi xarakterizə olunur. Qloballaşma prosesinin sürətlənməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin strateji əhəmiyyəti, regional inteqrasiyaların güclənməsi və mədəni-sivilizasiya əsaslı əməkdaşlıq modellərinin genişlənməsi müasir dünyanın əsas inkişaf tendensiyalarındandır. Belə bir şəraitdə ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik türk xalqlarının vahid strateji platforma ətrafında birləşməsi artıq yalnız mədəni ideal yox, eyni zamanda, mühüm geosiyasi zərurət kimi çıxış edir. Türk dünyası geniş coğrafiyanı əhatə edən, zəngin təbii resurslara, mühüm tranzit imkanlarına, gənc insan kapitalına və qədim dövlətçilik ənənələrinə sahib böyük sivilizasiya məkanıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
O bildirib ki, Balkanlardan Orta Asiyaya, Qafqazdan Anadoluya qədər uzanan bu coğrafiya tarix boyu dünya siyasətinə, iqtisadiyyatına və mədəniyyətinə ciddi təsir göstərib. Müasir dövrdə isə türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarla inkişaf etməsi, ortaq siyasi iradənin formalaşması və qarşılıqlı strateji maraqların yaxınlaşması türk dünyasının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradır. Tarixə nəzər saldıqda türk xalqlarının müxtəlif dövrlərdə dünya siyasətində mühüm rol oynadığı aydın görünür. Tarixi təcrübə göstərir ki, türk xalqları böyük siyasi və strateji birlik yaratmaq potensialına malikdir. Müasir dövrdə türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mövqedə yerləşir. Bu coğrafiya Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi olmaqla yanaşı, enerji ehtiyatları baxımından da dünyanın ən mühüm regionlarından biridir.
Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Türkmənistanın zəngin enerji ehtiyatları, Türkiyənin tranzit-logistika imkanları, Orta Asiyanın geniş iqtisadi potensialı türk dünyasının beynəlxalq sistemdə rolunu daha da artırır. Xüsusilə son illərdə həyata keçirilən transmilli layihələr türk dövlətləri arasında inteqrasiyanın strateji mahiyyətini gücləndirib. Türk dünyasının inteqrasiyası ideyası Azərbaycan dövlətçilik düşüncəsində xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyev türk xalqları arasında birliyin qorunmasını strateji məsələ kimi qiymətləndirirdi. Onun “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin mahiyyətini ifadə etməklə yanaşı, bütövlükdə türk dünyasının həmrəyliyinə verilən siyasi və mənəvi dəyərin göstəricisi idi.
Prezident İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarından irəli gələn strateji yanaşmadır. Bu fikir türk dövlətlərinin yalnız mədəni yaxınlıq çərçivəsində əməkdaşlıq etməsini yox, eyni zamanda, siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə vahid strateji mövqe formalaşdırmasını nəzərdə tutur.
“Türk dünyasının bu gün nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi həm tarixi təcrübədən, həm də müasir beynəlxalq münasibətlər sisteminin tələblərindən irəli gələn strateji zərurətdir. Tarix boyu böyük dövlətçilik ənənələri formalaşdırmış türk xalqları bu gün də geniş iqtisadi, siyasi və mədəni potensiala malikdir. Ümummilli Lider Heydər Əliyevin türk birliyi ideyasına verdiyi strateji əhəmiyyət və Prezident İlham Əliyevin Türk dünyasının gələcəyinə dair irəli sürdüyü baxış bu istiqamətdə mühüm siyasi konsepsiya formalaşdırır. Türk dövlətləri ortaq maraqlar əsasında qarşılıqlı əməkdaşlığı daha da gücləndirdikcə, gələcəkdə yalnız regional yox, qlobal miqyasda da mühüm təsir imkanlarına malik güc mərkəzlərindən birinə çevriləcəyi aydın görünür”, - deyə Komitə sədri əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.