AZ

Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) xarici medianın, xüsusilə də Özbəkistan mətbuatının diqqət mərkəzindədir.

"Report" xəbər verir ki, forumla bağlı Özbəkistan Dövlət İnformasiya Agentliyi Uza.uz, tanınmış xəbər agentliyi Zamon.uz informasiya portalı geniş material hazırlayıb.

Yazılarda Azərbaycanın qlobal urbanizasiya proseslərində artan roluna diqqət çəkilərək, qeyd olunur ki, Bakı artıq təkcə regionun deyil, həm də beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəliyinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib.

Məqalələrdə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. O bildirib ki, WUF13 Azərbaycanın müasir şəhərsalma baxışını və inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm qlobal platformadır.

F. Şahbazlı qeyd edib ki, forum çərçivəsində xüsusilə Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri xüsusi diqqət çəkir. Burada tətbiq olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və müasir nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın yeni urbanistik modelinin əsas istiqamətlərini təşkil edir.

Onun sözlərinə görə, bu model yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, eyni zamanda sosial inklüzivlik, milli memarlıq irsinin qorunması və ekoloji balansın təmin edilməsinə əsaslanır.

F. Şahbazlı açıqlamasında qeyd edib ki, Bakıdakı forum Azərbaycanın beynəlxalq nüfuzunun və təcrübəsinin daha bir nümunəsi olmaqla yanaşı, ölkənin təqdim etdiyi "insan mərkəzli şəhər" modelini dünya gündəminə çıxarır və gələcəyin şəhərlərinə dair yeni baxış formalaşdırır.

Ümumiyyətlə, Özbəkistan mediasında yayılan materiallarda Azərbaycan və Özbəkistan arasında şəhərsalma, memarlıq və regional inkişaf sahələrində əməkdaşlığın son illərdə daha da gücləndiyi vurğulanıb. Xüsusilə postmünaqişə ərazilərin bərpası sahəsində Azərbaycanın təcrübəsi Özbəkistan ictimaiyyəti tərəfindən maraqla izlənilir.

Bildirilib ki, WUF13 təkcə qlobal müzakirə platforması deyil, həm də türk dünyası ölkələri arasında yeni urbanistik əməkdaşlıq modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
1
4
far.az

5Mənbələr