AZ

“Ermənistan Rusiyadan qopa bilmir” - Kremldən İrəvana qarşı yeni plan

Rusiyanın MGIMO Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, “Beynəlxalq Analitika” jurnalının baş redaktoru, politoloq Sergey Markedonov Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı sammitini buraxmasının səbəbləri barədə danışıb.

Musavat.com xəbər verir ki, Markedonov Ermənistanın xarici siyasətində əsas istiqamətin “diversifikasiya” siyasəti olduğunu bildirib.

Onun sözlərinə görə, İrəvan əvvəlki inteqrasiya prioritetlərindən uzaqlaşaraq Avropa istiqamətinə yaxınlaşmağa çalışır.

Bununla belə, rusiyalı ekspert hesab edir ki, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri tam qırmağa tələsmir. Politoloqun fikrincə, seçkilər ərəfəsində sərt dönüş Ermənistan hakimiyyəti üçün risklidir, çünki ölkə iqtisadiyyatının və cəmiyyətinin mühüm hissəsi hələ də Rusiya və Avrasiya məkanı ilə bağlıdır.

Markedonov may ayında İrəvanda keçirilən Avropa İttifaqı forumlarının da Ermənistana real inteqrasiya üstünlükləri vermədiyini qeyd edib. O bildirib ki, həmin tədbirlər əsasən bəyanatlar, niyyət məktubları və viza hesabatları ilə yadda qalıb.

Ekspert əlavə edib ki, Qərb hazırda Ermənistana Avropa məkanına tam inteqrasiya mexanizmlərindən daha çox, Rusiyanın Avrasiyadakı təsirini zəiflətməyə yönəlmiş siyasi platforma təqdim edir.

Markedonovun sözlərinə görə, Moskva Ermənistanla münasibətlərin qırılmasını sürətləndirməməli, əksinə, ölkədəki təsir imkanlarını qorumaq üçün yeni siyasi xətt formalaşdırmalıdır.

Musavat.com

Seçilən
105
musavat.com

1Mənbələr