AZ

Azərbaycanın COP29 ilə WUF13 arasında strateji əlaqə yaratması mühüm əhəmiyyət kəsb edir ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 may, AZƏRTAC

Azərbaycanın son illərdə beynəlxalq müstəvidə artan nüfuzu və qlobal proseslərdə fəal iştirakçılardan birinə çevrilməsi ölkədə həyata keçirilən məqsədyönlü və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli inkişaf strategiyası Azərbaycanın yalnız enerji təhlükəsizliyi və geosiyasi əməkdaşlıq sahələrində deyil, eyni zamanda, dayanıqlı inkişaf, müasir şəhərsalma, ekoloji təhlükəsizlik və postmünaqişə dövründə bərpa modeli istiqamətlərində də beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.

O bildirib ki, bu gün Azərbaycan regional lider dövlət olmaqla yanaşı, qlobal çağırışların həllinə töhfə verən, beynəlxalq təşəbbüslərlə çıxış edən və yeni inkişaf modelləri təqdim edən ölkədir: “Bu mənada işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddət ərzində yenidən qurulması, burada müasir urbanizasiya prinsiplərinin tətbiq edilməsi Azərbaycanın güclü siyasi iradəsinin, iqtisadi potensialının və strateji idarəetmə modelinin bariz nümunəsidir. Həyata keçirilən layihələr yalnız infrastrukturun bərpasını nəzərdə tutmur, eyni zamanda, yeni həyat tərzinin, müasir yaşayış konsepsiyasının və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir”.

Deputat deyib ki, xüsusilə Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü zamanı müzakirə olunan məsələlər Azərbaycanın şəhərsalma sahəsində artan beynəlxalq nüfuzunun göstəricisi hesab edilir. “Sözsüz ki, bu xüsusda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə bağlı verilən tarixi qərar da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq beynəlxalq şəhərsalma gündəliyinin formalaşdırılmasında iştirak edən, urbanizasiya siyasətinə töhfə verən və innovativ idarəetmə modelləri təqdim edən dövlətlər sırasındadır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri müasir texnologiyaların, rəqəmsal idarəetmənin, yaşıl enerji həllərinin və ekoloji tarazlığın birgə tətbiqinə əsaslanır. Bu layihələr göstərir ki, Azərbaycan postmünaqişə dövründə yalnız dağıntıların aradan qaldırılması ilə kifayətlənmir, eyni zamanda, gələcəyin şəhər modelini qurur. Burada tətbiq olunan konsepsiyalar enerji səmərəliliyi, ətraf mühitin qorunması, innovativ nəqliyyat sistemləri, rəqəmsal xidmətlər və insanların rahat yaşayışının təmin olunması kimi vacib istiqamətləri əhatə edir. Bu baxımdan Azərbaycanın təqdim etdiyi model bir çox ölkələr üçün praktik nümunə kimi dəyərləndirilir”, - deyə o diqqətə çatdırıb.

Sevinc Hüseynova hesab edir ki, Bakının WUF13 forumuna ev sahibliyi etməsi də Azərbaycanın beynəlxalq nüfuzunun növbəti mühüm göstəricisidir: “Ümumdünya Şəhərsalma Forumu BMT sistemində urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biridir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Eyni zamanda, bu forum Azərbaycanın təşkilati imkanlarını, institusional potensialını və beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi sahəsində qazandığı təcrübəni nümayiş etdirir. Son illərdə Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin qlobal səviyyədə etimad qazandığını göstərir. Xüsusilə COP29 kimi mühüm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim siyasəti və dayanıqlı inkişaf sahəsində fəal mövqeyini ortaya qoydu. COP29-dan sonra WUF13 forumunun da Azərbaycana həvalə olunması təsdiq edir ki, ölkəmiz artıq yalnız beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, qlobal gündəliyin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilir”.

Deputat vurğulayıb ki, Azərbaycanın COP29 ilə WUF13 arasında strateji əlaqə yaratması mühüm əhəmiyyət kəsb edir. “Müasir dövrdə şəhərsalma məsələləri artıq yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır. Bu sahə iqlim təhlükəsizliyi, ekoloji davamlılıq, sosial rifah, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf kimi vacib istiqamətlərlə sıx şəkildə bağlıdır. Azərbaycan isə bu yanaşmanı praktik səviyyədə tətbiq edərək qlobal çağırışlara innovativ cavab verir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə alternativ enerji mənbələrinin tətbiqi, ekoloji tarazlığın qorunması və “yaşıl enerji zonası” konsepsiyasının reallaşdırılması dövlətimizin müasir inkişaf strategiyasının əsas elementlərindəndir. “WUF13 Bakı standartları” anlayışının formalaşdırılması isə Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində yeni idarəetmə modeli təqdim etdiyini göstərir. Bu standartların gələcək beynəlxalq forumlar üçün nümunə kimi qəbul olunması Azərbaycanın institusional idarəetmə təcrübəsinin və təşkilati bacarıqlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir. Azərbaycanın şəhərsalma siyasətində diqqət çəkən mühüm məqamlardan biri də milli-mənəvi dəyərlərlə müasir urbanizasiya prinsiplərinin vəhdətinin qorunmasıdır. Şuşanın tarixi-mədəni simasının bərpası, Ağdam şəhərinin yeni baş plan əsasında yenidən qurulması, Zəngilan və Füzulidə həyata keçirilən “Ağıllı kənd” layihələri göstərir ki, Azərbaycan öz milli irsini qorumaqla yanaşı, müasir texnologiyaları və beynəlxalq standartları uğurla tətbiq edir. Bu yanaşma həm milli kimliyin qorunmasına, həm də müasir və rahat yaşayış mühitinin formalaşdırılmasına xidmət edir”, - deyə Sevinc Hüseynova qeyd edib.

Müxbir - Göyçək Mahmudlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
23
azertag.az

10Mənbələr