AZ

WUF13-də nazirlər səviyyəsində görüşdə bu mövzular müzakirə olundu - FOTO

WUF13-ün çərçivəsində yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında nazirlər görüşünün əsas seqmentlərdən biri olduğunu deyib:

“Görüş nəticəyönümlü formata çevrilib. Bu, kollektik fəaliyyət üzrə müzakirə yaratmağa imkan verir. Bu görüş nazirlər üçün əldə olunan nəticələrin müzakirəsi baxımından çox gözəl fürsətdir. Bu, həmçinin, BMT-nin ümumi iclası üçün hazırlıq görüşüdür”, - deyə komitə sədri qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax isə çıxışında qeyd edib ki, forum əlçatan mənzil məsələsini şəhər transformasiyasının növbəti onilliyinin mərkəzinə çıxarmaq üçün mühüm platformadır:

“BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır. Təşkilatın yeni strateji planı dayanıqlı urbanizasiyanın əsas istiqamətlərinə yönəlib”.

BMT-nin Baş Katibinin İcraiyyə Ofisinin (EOSG) Siyasət üzrə baş katibin müavini Qay Bernard Rayder isə video müraciət ünvanlayıb:

“Hazırda dünyada hər 4 nəfərdən biri qeyri-rəsmi yaşayış məntəqələrində, gecəqondularda yaşayır. Yeni şəhər gündəliyi məhz bu çağırışlara cavab vermək üçün qəbul edilib. Siyasi impuls yenilənməlidir”.

Polşanın BMT yanında daimi nümayəndəsi, Yeni Şəhərsalma Proqramının siyasi bəyannaməsinin hazırlanması üzrə hökumətlərarası prosesin həmsədri Kşiştof Şerski isə çıxışında bildirib ki, Bakıdakı müzakirələr son dərəcə vacib olacaq:

“Şəhərsalma Forumu bütün maraqlı tərəflərin bir araya gələrək dayanıqlı şəhərlərin inkişafı ilə bağlı real təcrübələri, ən yaxşı nümunələri və problemləri müzakirə etdiyi unikal platformadır. Böyük və kiçik şəhərlərin, paytaxtların, ikinci dərəcəli şəhərlərin də problemləri və imkanları müzakirə olunur”.

Nigar Həsənli
Musavat.com

Seçilən
48
50
musavat.com

10Mənbələr