Rumıniyanın “Antena 3 CNN” kanalında Qafqazın qədim at cinslərindən olan Qarabağ atlarının son dövrlər Avropada xüsusi maraq doğurmağa başladığı bildirilir. Məlumatda bu nadir cinsin zərif görünüşü, qızılı rəng çalarları, dözümlülüyü və sakit xarakteri ilə seçildiyi vurğulanır.
"Unikal" xəbər verir ki, kanalın məlumatına görə, Qarabağ atlarının qorunması və inkişafı istiqamətində Azərbaycan və Almaniya mütəxəssisləri birgə fəaliyyət göstərirlər. Bildirilir ki, cinsin genetik xüsusiyyətlərinin saxlanılması üçün xüsusi seleksiya və nəzarət proqramları həyata keçirilir.
Qeyd olunur ki, Qarabağ atları əsrlər boyu Qafqazın dağlıq ərazilərində formalaşıb və çətin relyef şəraitinə uyğunlaşaraq yüksək çeviklik və davamlılıq qazanıb. Tarixi mənbələrdə bu atların qədim dövrlərdən etibarən qiymətli sayıldığı, XIX əsrdə isə Avrasiya məkanında müxtəlif sərgilər vasitəsilə daha geniş tanındığı bildirilir.
Vurğulanır ki, XX əsrdə müharibələr, iqtisadi çətinliklər və nəzarətsiz cütləşmə nəticəsində Qarabağ atlarının sayı kəskin azalıb. Birinci Qarabağ müharibəsi dövründə Ağdamdakı yetişdirmə infrastrukturunun dağıdılması nəticəsində bir sıra qiymətli nəsil xətləri itirilib.
Məlumatda Almaniyada fəaliyyət göstərən Verena Şolianın Qarabağ atlarının Avropada qorunmasına böyük töhfə verdiyi xüsusi vurğulanır. Bildirilir ki, bu cins “əsl xəzinə” hesab olunur və onların qorunması mühüm əhəmiyyət daşıyır.