AZ

“13 yaşımda marixuana, 17 yaşımda isə ağır narkotik istifadə etdim” – Bakının varlı zərgəri necə narkomana çevrildi?

Narkotik bu gün dünyada minlərlə insanın həyatını məhv edən ən böyük bəlalardan biridir. Xüsusilə gənclər arasında yayılan bu asılılıq insanı həm sağlamlığından, həm ailəsindən, həm də normal həyatından uzaq salır və ölümə aparır. Azərbaycanda da narkotikdən əziyyət çəkən insanlar az deyil. Hazırda bir çoxu reabilitasiya mərkəzlərində müalicə alaraq normal həyata qayıtmağa çalışır.

Belə insanlardan biri də Maşanov Fərid Fikrət oğludur. O, Bakıda yerləşən reabilitasiya mərkəzində artıq 7 aydır ki, müalicə alır.

Hazırda 45 yaşı olan Fərid Musavat.com-a müsahibə verərək narkotiklə necə tanış olmasından, yaşadığı çətinliklərdən və bu asılılığın həyatına vurduğu zərbələrdən danışıb.

- Mən Bakıda anadan olmuşam, qalalıyam. “Tarqovı”da yaşamışıq, zərgər ailəsində böyümüşəm. Atam zərgər olub, bu işi mənə və qardaşıma da öyrədib. Ümumiyyətlə, nəsilliklə zərgərik.

Ailədə iki qardaş, bir bacı olmuşuq. Beşinci sinfə kimi yaxşı oxumuşam. Beşinci sinifdən sonra tənbəlləşdim, oxumadım. Səhərlər məktəbə getmək istəmirdim. Anam məni zorla məktəbə göndərirdi.

- Necə ailə idiniz?

- Mehriban ailəm olub. Anamla atam 17 yaşında ailə qurublar. Onların iyirmi üç yaşı olanda mən dünyaya gəlmişəm. Atam 17-18 yaşından pul qazanmağa başlayıb. İmkanımız yüksək səviyyədə olub. Bakıda hörmətli zərgər ailəsi idik. Təsəvvür edin ki, hələ o vaxt məktəbə öz maşınımla gedib-gəlirdim. “Tarqovı”da imkanlı ailələr yaşayırdı. Hamısının uşaqları maşınla gəzirdi. Məktəbə maşınla gedib-gəlirdilər. Biz elə mühitdə böyümüşük.

- Ailənin ən böyük övladı siz idiniz?

- Yox, evin ən kiçiyiyəm.

- Məktəbi bitirdiniz, sonra nə baş verdi? Ali təhsil almısınız?

- Səkkizinci sinifdən sonra məktəbə getmədim.

- Nə işlə məşğul oldunuz?

- 15 yaşımdan zərgərlik zavodunda işləmişəm. Orada sənəti öyrənmişəm. Sonra da qızıl sahəsində işləməyə başlamışam. Bəzən isə işləmirdim, özüm üçün gəzib dolanırdım. Onsuz da pulumuz var idi.

- Narkotiklə tanışlığınıza gələk, necə oldu bu?

- 13-14 yaşımda artıq marixuana çəkirdim. 16-17 yaşımda isə narkotikdən istifadəyə başladım.

- 13 yaşınızda marixuananı necə tapırdınız?

- Məhlədə yaşca məndən böyük oğlanlar çəkirdi, məndə də maraq yaranırdı. Onlara deyirdim, verirdilər.

- Evdə bilirdilər?

- Bəli, bilirdilər.

- Necə reaksiya verdilər?

- Təbii ki, valideynərim bunu biləndə çox qəzəbləndilər və məni döydülər, danladılar. Bundan sonra bir müddət istifadə etmədim. Ancaq 17 yaşımdan sonra gizli şəkildə narkotikdən istifadə etməyə başladım. Anamgilin bundan xəbəri yox idi, elə hesab edirdilər ki, uşaq həvəsi idi, keçib getdi.

- Bəs narkotiki kim verirdi?

- Pul verib alırdıq. İyirmi yaşımdan sonra ağır narkotikə keçdim. Damara iynə vurmağa başladım. Həmin vaxt qızıl sahəsində işləyirdim. Çoxlu pulum var idi. Hər şey yaxşı idi. Qardaşım da narkotikdən istifadə edirdi. Ancaq iş elə gətirdi ki, müflis olduq, evsiz, işsiz qaldıq. Atamın biznesi gah düzəlirdi, gah alınmırdı. Mənim narkotik istifadə etdiyimi hamı bilirdi deyə heç kim yaxına buraxmırdı. Buna görə də zərgərlik sahəsindən uzaqlaşdırıldım ki, atama mane olmayım.

- Sonra necə davam etdi?

- İllərlə belə davam etdi. Sonra Dubaya getdim, orada turistlərlə işlədim. Yaxşı pul qazanırdım. O vaxt da narkotikdən istifadə edirdim, amma fasilələr olurdu. Dubaydan sonra Bakıya qayıtdım və oradan da Moskvaya getdim, restoran biznesi ilə məşğul oldum. Orada rus qadınla vətəndaş nikahında yaşadım və övladım dünyaya gəldi. Təəssüf ki, o, xəstə doğuldu. Oğluma görə çox əziyyət çəkirdim.

- O vaxt narkotikdən uzaqlaşmışdınız?

- Yox, əksinə, daha da artmışdı. Moskvada daha çox istifadə edirdim. Həm dərman atırdım, həm narkotik istifadə edirdim. Özümü güclə saxlayırdım. Sonra mən Bakıda olarkən oğlum 2 yaşında dünyasını dəyişdi. Bu da mənim üçün böyük travma oldu və narkotikə lap sığındım. Uzun müddət istifadə etdim. Ancaq başa düşürdüm ki, bu işin sonu ölümdür, axırı yoxdur. Ona görə də qərar verdim ki, reabilitasiya mərkəzinə gəlim. Nakotikdən bezmişdim. Çox çətinlik yaşamışdım. Almağa pul tapa bilmirdim, borcum çox idi.

Yeddi aydır ki, öz istəyimlə burada müalicə alıram. Qərar verdim ki, mənim də normal həyatım olsun. Qardaşım da bu bəladan qurtulub. O da reablitasiya mərkəzində müalicə olunub.

Qazandığımı narkotikə vermişəm. Ac qalmışam, yeməmişəm, yenə narkotik almışam. Səhər durub işləmişəm, ağır metal daşımışam, pulumu alıb yenə istifadə etmişəm. Eyni proses davam edib.

- Reabilitasiya dövrünüzdən danışaq.

- Hələ işləmirəm. Mənə indi işləmək olmaz. Birdən-birə çıxıb başqa mühitə düşəndə hisslər dəyişə bilər. Burada qaydalar var. Gün ərzində müəyyən məbləğdən artıq pul xərcləmək olmaz. İçki məclislərinə, toya getmək olmaz. Sevgi münasibəti yaşamaq olmaz.

- Sonra icazə verilir?

- Müəyyən müddətdən sonra insan özündə güc toplayır. Yavaş-yavaş işləyə də bilərsən. Görürlər ki, sağalma prosesi gedir, proqramı qəbul edirsən, xəstəliyini anlayırsan. Ondan sonra çıxıb gəzirsən, hava alırsan, çay içib qayıdırsan.

- “Narkotikin dadına bir dəfə baxım, sonra ataram” deyənlərə nə demək istərdiniz?

- Çox böyük səhvdir. Elə bir şey yoxdur ki, bir dəfə yoxlayıb, sonra ata biləsən. Bunu bir dəfə edib dayanmaq olmur.

- Yəni bir dəfə ilə qurtulmaq mümkün deyil?

- Yox. Beyin gərək bunu tanımasın. Mən istərdim məktəblərdə “12 addım” proqramını keçsinlər. Təəssüf ki, yoxdur.

- O proqramda nə var?

- Asılılıq haqqında çox şey var. Tək narkotik asılılığı deyil. Şopinq asılılığı var, pul qazanmaq asılılığı var, yemək asılılığı var. İnsanlara öyrədir ki, kömək istəmək ayıb deyil. İnsan dərdini danışmalıdır. Çox adam içinə atır, “mənə başqa cür baxarlar” deyə susur.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr