BAKI, 17 may. TELEQRAF
Yeni Şəhər Gündəliyi dayanıqlı şəhər inkişafının təmin olunması üçün əsas istinad çərçivəsi olaraq qalır. Onun icrası Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədinin həyata keçirilməsi və daha inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin və yaşayış məntəqələrinin qurulması üzrə ortaq öhdəliyimizlə sıx bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə Somalinin İctimai İşlər, Yenidənqurma və Mənzil Naziri Əyyub İsmayıl Yusif Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel sessiyada çıxışında deyib.
O qeyd edib ki, Yeni Şəhər Gündəliyinin icra mərhələsinin nəzərdən keçirilməsi bizə göstərir ki, mənzil məsələsi yalnız xidmət və ya tikinti məsələsi deyil:
“Bu, sosial inteqrasiyanın, insan ləyaqətinin qorunmasının, yoxsulluğun azaldılmasının, iqtisadi imkanların genişləndirilməsinin və davamlı inkişafın əsas sütunlarından biridir.
Dünyada şəhərləşmənin sürətlənməsi, köç səviyyəsinin artması, iqlim dəyişikliyi ilə bağlı böhranların dərinləşməsi və bərabərsizliklərin genişlənməsi fonunda mənzil və şəhər infrastruktur sistemləri artan təzyiqlərlə üz-üzədir. Bu isə əlaqələndirilmiş və uyğunlaşdırılmış cavab tədbirlərini zəruri edir”.