NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçiriləcək görüşdə Avropa müdafiə korporasiyalarına və agentliklərinə silah istehsalını artırmaları üçün təzyiq göstərməyi planlaşdırır.
Hakimiyyet.az xəbər verir ki, məlumatı "Financial Times" yayıb. Qəzet NATO sözçüsündən sitat gətirib: "Baş katib müdafiə qabiliyyəti ehtiyaclarımızı ödəmək üçün istehsalın, innovasiyanın və investisiyaların artırılmasını stimullaşdırmaq məqsədilə mütəmadi olaraq alyansın sənaye və maliyyə qurumları ilə görüşür".
Qəzetin məlumatına görə, Şimali Atlantika Alyansı Avropa sənayesinin Vaşinqtonun müdafiə xərclərinin artırılması tələblərini ödəməsində maraqlıdır ki, bu da prezident Donald Trampın müttəfiqlərin Yaxın Şərq münaqişəsində ABŞ-ı dəstəkləməməsi ilə bağlı "qəzəbini" azaltmağa hesablanıb.
Qəzet Rheinmetall, Safran, Airbus, Saab, MBDA və Leonardo kimi korporasiyaların nümayəndələrinin görüşdə iştirak edəcəyini bildirib. Şirkətlərin məhsuldarlığını artırmaq üçün fabriklərin və işçi heyətinin sayının artırılması ilə yanaşı, hava hücumundan müdafiə və uzaqmənzilli raketlərin istehsalının müzakirəsinə də xüsusi diqqət yetiriləcək.