Ruanda soyqırımını təşkil etməkdə ittiham olunan ruandalı iş adamı Felisyen Kabuqa 90 yaşında Niderlandda vəfat edib.
Azreform.info xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, ruandalı iş adamı xəstəxanada vəfat edib və onun ölümünün səbəblərinin araşdırılması əmr edilib.
Bir vaxtlar Ruandanın ən varlı adamlarından olan Felisyen Kabuqa soyqırım, soyqırıma təhrik və insanlığa qarşı cinayətlərdə ittiham olunurdu.
Təqsirləndirilən şəxs uzun müddət təqibdən yayınıb. O, yalnız 2020-ci ildə Fransada həbs edilib. Onun məhkəməsi 2022-ci ildə Haaqada başlayıb, lakin 2023-cü ildə qeyri-müəyyən müddətə dayandırılıb. Hakimlər Felisyen Kabuqanın vəziyyətinin onun məhkəmədə iştirak etməsinə mane olduğunu qərara alıblar: o, demensiya və Alzheimer xəstəliyindən əziyyət çəkib. Məhkəmə onun azadlığa buraxılması barədə qərar verib.
Ruanda soyqırımı 1994-cü ilin aprelindən iyun ayına qədər davam edib. 500.000 ilə 1,1 milyon arasında insan öldürülüb.
Elvin
Azreform.info