AZ

Filip Endal: “Mənzil siyasəti iqtisadi siyasətlə əlaqələndirilməlidir”

Ən yaxşı mənzil siyasəti insanların iqtisadi imkanların mövcud olduğu yerlərdə yaşamasına imkan verən siyasətdir.

APA xəbər verir ki, bunu Çex Respublikasının Regional İnkişaf Nazirinin müavini Filip Endal
WUF13 çərçivəsində keçirilən “Ətraf mühit cəhətindən davamlı və dözümlü məskunlaşma” adlı panel müzakirəsində deyib.

“Onilliklər ərzində insanlar işlədikləri yerə yaxın yaşayırdılar. Mənzil, iş yerləri və infrastruktur bir-biri ilə uyğunlaşdırılmışdı. Lakin sənayesizləşmədən sonra bir çox insan kiçik regionlardan böyük şəhərlərə, xüsusilə Praqaya köçdü. Mənzil təklifi isə bu artımı qarşılaya bilmədi.

Nəticədə son on ildə Praqada mənzil qiymətləri demək olar ki, üç dəfə artıb, kirayə haqları isə təxminən iki dəfə yüksəlib. Bu yalnız sosial problem deyil. Bu vəziyyət əmək mobilliyini azaldır və iqtisadi rəqabət qabiliyyətini zəiflədir. Bəs hansı müdaxilələr effektivdir? Birincisi, tələbatın artıq mövcud olduğu yerlərdə mənzil təklifini artırmaq lazımdır. Tikinti olmadan heç bir mənzil siyasəti uğurlu ola bilməz.
İkincisi, mənzil siyasəti iqtisadi siyasətlə əlaqələndirilməlidir.
Mənzillər iş yerlərinin, nəqliyyatın, sənaye müəssisələrinin və ictimai xidmətlərin olduğu yerlərdə tikilməlidir. Üçüncüsü, mənzil investisiyalarına iqtisadi artım yatırımı kimi yanaşmaq lazımdır.
Tikintiyə yatırılan bir avro iqtisadi fəaliyyətdə üç avroya qədər gəlir yarada və eyni zamanda yeni iş yerləri aça bilər. Mənzil tikintisi yerli iqtisadiyyatların əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər.
Dördüncüsü, dövlət və özəl maliyyələşdirmə birlikdə istifadə olunmalıdır. Dövlət resursları özəl investisiyanı əvəz etməməli, əksinə onu cəlb etməlidir. Və nəhayət, şəhərlərin və bələdiyyələrin rolu genişləndirilməlidir. Yerli planlaşdırma olmadan mənzil layihələri sadəcə həyata keçmir”,- Filip Endal vurğulayıb.

Seçilən
62
1
apa.az

2Mənbələr