"Pay-as-you-go", yəni istifadəyə görə ödəniş modeli enerji təminatını infrastruktur problemindən xidmət göstərilməsi modelinə çevirir. Bu yanaşma mərkəzləşdirilmiş enerji şəbəkəsindən asılılığı azaldır.
Day.Az xəbər verir ki, bunu "ClimateTech and Digital Utilities" şirkətinin kommunal xidmətlər üzrə baş meneceri Leyla Guici WUF13 çərçivəsində baş tutan "Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq" mövzusunda Biznes Assambleyası sessiyasında deyib.
O bildirib ki, texniki sistemlər günəş enerjisi ilə işləyən ev qurğuları vasitəsilə işıqlandırma, telefonların enerji ilə təmin olunması və kiçik məişət cihazlarının işləməsi üçün enerji təqdim edir:
"Bu sistemlərdə mobil pul kimi rəqəmsal ödəniş mexanizmlərindən istifadə olunur və insanlar kiçik məbləğlərlə ödəniş edə bilir. Bu da xidməti daha əlçatan edir. Ödəniş edildiyi müddət ərzində istifadəçi elektrik enerjisinə çıxış əldə edir. Sistem uzaqdan aktiv və ya deaktiv edilə bilir. Biz bir sıra "pay-as-you-go" modellərini maliyyələşdirmişik və sonradan bu sektorun hazırkı miqyasına qədər böyüdüyünü görmüşük. Bu model çox yaxşı alternativdir, lakin onun geniş miqyasda tətbiqi üçün bir neçə vacib şərt mövcuddur. Bunlardan biri dövlət siyasəti səviyyəsində tanınmasıdır".
O əlavə edib ki, hökumətlər şəbəkədənkənar enerji həllərini müvəqqəti variant kimi deyil, milli elektrikləşdirmə strategiyalarının tərkib hissəsi kimi qəbul etməlidirlər:
"Məsələn, Toqoda hökumət "pay-as-you-go" günəş enerjisi sistemlərini subsidiya edir. Bu yanaşma enerjini daha əlçatan edir və istifadənin genişlənməsinə kömək göstərir. Bu da sistemin daha böyük miqyasda tətbiqinə imkan yaradır. Digər vacib məsələ isə rəqəmsal infrastrukturdur. Bu model yalnız etibarlı mobil rabitə və mobil ödəniş ekosistemi mövcud olduqda geniş şəkildə işləyə bilir. Məsələn, Şərqi Afrikada bu sistemin uğur qazanmasının əsas səbəblərindən biri mobil pul xidmətlərinin çox geniş yayılmasıdır. Məhz buna görə həmin regionda bu model effektiv işləyir".