Dünyada milyardlarla insan hələ də təhlükəsiz içməli su və sanitariya xidmətlərindən məhrumdur.
AZƏRTAC xəbər verir ki, BMT-nin Su üzrə Xüsusi Elçisi Retno Marsudi Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyası (GWOPA) çərçivəsində keçirilən su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələlərinin müzakirəsi zamanı bildirib.
Xüsusi elçi qeyd edib ki, 2015-ci ildən indiyədək milyonlarla insan təhlükəsiz idarəolunan içməli su xidmətlərinə çıxış qazanıb.
Retno Marsudi vurğulayıb ki, mövcud inkişaf tempi kifayət deyil və dünya su təhlükəsizliyi məsələsində zamanla yarışır. Onun sözlərinə görə, hazırda dünyanın 100 ən böyük şəhərinin yarısı ciddi su stresi ilə üzləşir: “2030-cu ilə qədər dünya əhalisinin 60 faizindən çoxunun şəhərlərdə yaşayacağı gözlənilir ki, bu da şəhər su ehtiyatlarına əlavə təzyiq yaradacaq”.