“Bayern”in ingilis hücumçusu Harri Keyn futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026 mövsümünün bombardiri olub.
Arena.az xəbər verir ki, ötən gecə Almaniya Bundesliqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Çempionatın yekunlarına əsasən, ən çox qol vurmuş futbolçu Keyn olub. İngiltərəli forvard meydana çıxdığı 31 matçda 36 qola imza ataraq bombardirlər yarışında hamını qabaqlayıb. Onun hesabında 5 assist də var.
Siyahıda “Ştutqart”ın hücumçusu Deniz Undav 19 qolla (6 assist) ikinci pillədə qərarlaşıb. Ən yaxşı bombardirlərin ilk üçlüyünü isə aktivində 17 qolu (1 assist) olan Dortmund “Borussiya”sının futbolçusu Seru Girassi tamamlayıb.
Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 50 oyuna çıxıb, 58 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 146 oyun, 143 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
İngilis hücumçu “Bayern”lə 2 dəfə Almaniya çempionu olub, 1 dəfə Almaniya Super Kubokunu qazanıb.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.
