AZ

Nigeriyada silahlıların məktəblərə hücumundan sonra 80-dən çox uşaq itkin düşüb

“Boko Haram”ın hücumları ölkədə təhlükəsizlik böhranını daha da dərinləşdirib...

Nigeriyada terrorçu “Boko Haram” qruplaşmasının məktəblərə qarşı həyata keçirdiyi silahlı hücumlardan sonra 80-dən çox uşağın itkin düşdüyü bildirilir.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Məlumata görə, uşaqlardan 42-si ölkənin şimal-şərqində yerləşən Borno ştatında qaçırılıb. Daha 40-dan çox uşağın isə Nigeriyanın cənub-qərbindəki Oyo ştatında itkin düşdüyü qeyd olunur. Hücumların silahlı qrupların məktəbləri və yaşayış məntəqələrini hədəf alması nəticəsində baş verdiyi bildirilir.

Nigeriya polisi hadisələrlə bağlı üç nəfərin saxlanıldığını açıqlayıb. Hüquq-mühafizə orqanları onların uşaqların oğurlanmasında iştirak etdiyindən şübhələnildiyini bildirib. Rəsmi qurumlar hazırda təhlükəsizlik qüvvələrinin itkin düşən uşaqların tapılması və ailələrinə qaytarılması üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdiyini vurğulayır.

Ölkədə məktəblilərin qaçırılması son illərdə ciddi problemə çevrilib. Xüsusilə “Boko Haram” və digər silahlı qruplar tez-tez məktəblərə hücum edərək uşaqları girov götürür və fidyə tələb edirlər. Təhlükəsizlik üzrə ekspertlər hesab edir ki, Nigeriyanın bəzi bölgələrində dövlət nəzarətinin zəifləməsi bu cür hücumların artmasına şərait yaradır.

Associated Press-in məlumatına əsasən, təkcə 2025-ci ildə Nigeriyanın şimal bölgələrində 300-dən çox uşaq itkin düşüb. Bu ilin son böyük hadisələrindən biri aprel ayının sonunda qeydə alınıb. Həmin vaxt silahlılar uşaq evindən 23 uşağı aparmış, sonradan onlardan 15-ni xilas etmək mümkün olmuşdu.

Mütəxəssislər bildirirlər ki, ölkədə davam edən təhlükəsizlik problemləri təhsil sisteminə də ağır zərbə vurur. Bir çox valideyn övladlarını məktəbə göndərməkdən ehtiyat edir, bəzi təhsil müəssisələri isə təhlükəsizlik səbəbindən fəaliyyətini dayandırmağa məcbur olur.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr