İmişli Rayon İcra Hakimiyyətinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Range Rover” və “BMW 740İ” avtomobilləri üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.
İcra məmuru əmlakı 25% endirimlə dördüncü dəfə hərraca çıxaracaq. Belə ki, əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min manat ucuzlaşaraq 42 min manata, 23 min manata təklif edilən BMW isə 5 750 manat aşağı – 17 250 manata çıxarılacaq.
V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız birinə – “Bentley Continental GT”yə alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 500 manat endirimlə – 58 500 manata satılıb.
Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox olub – red.) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, BMW-ni isə həyat yoldaşı Cülyetta İbrahimova sürüblər.