AZ

WUF13 Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində qlobal mövqeyini daha da gücləndirəcək - Ramil İskəndərli

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin “İki sahil”ə müsahibəsini təqdim edirik:

– WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyində mövqeyini və beynəlxalq nüfuzunu hansı konkret istiqamətlər üzrə gücləndirəcək?

– WUF13-ün Bakıda keçirilməsi, ilk növbədə, Azərbaycanın qlobal miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək bacarığını bir daha təsdiqləyir. COP29-dan sonra WUF13 kimi nüfuzlu beynəlxalq forumun Azərbaycanda təşkili ölkəmizin artıq yalnız regional deyil, qlobal gündəliklərin formalaşmasında da fəal iştirak edən dövlət olduğunu göstərir.
Bu forum Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf, və ictimai iştirakçılıq sahələrində təcrübəsini beynəlxalq auditoriyaya təqdim etmək üçün mühüm platformadır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və müasir infrastruktur layihələri Azərbaycanın innovativ şəhərsalma yanaşmasının real nümunəsi kimi diqqət çəkir.
Digər tərəfdən, WUF13 Azərbaycanın UN-Habitat və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da dərinləşdirəcək, ölkəmizin qlobal urban inkişaf gündəliyində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.

– Forum çərçivəsində formalaşan ideya və qərarların real şəhər siyasətlərinə tətbiqi hansı mexanizmlərlə təmin olunacaq və bu təsir necə ölçüləcək?

– WUF13 yalnız müzakirə platforması deyil, həm də praktik nəticələrin formalaşmasına xidmət edən qlobal prosesdir. Forum çərçivəsində səsləndirilən ideyalar, təqdim olunan təcrübələr və qəbul edilən yanaşmalar sonradan şəhər siyasətlərinə, milli inkişaf strategiyalarına və yerli idarəetmə mexanizmlərinə inteqrasiya oluna bilər.
Bu baxımdan əsas mexanizmlərdən biri dövlət qurumları, yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq təşkilatlar arasında davamlı dialoqun qurulmasıdır. Digər mühüm mexanizm isə WUF13 nəticələrinin konkret fəaliyyət planlarına, pilot layihələrə, tərəfdaşlıq proqramlarına və monitorinq mexanizmlərinə çevrilməsidir.
Təsirin ölçülməsi üçün isə bir neçə göstəricidən istifadə oluna bilər: şəhər planlaşdırmasında ictimai iştirakçılığın artması, inklüziv və müyəssər infrastrukturun genişlənməsi, beynəlxalq tərəfdaşlıqların həcmi, həmçinin yerli icmaların qərarqəbuletmə proseslərinə cəlb olunma səviyyəsi.

– İnklüzivlik və müyəssərlik prinsiplərinin tətbiqi tədbir məkanı və şəhər mühiti üçün hansı davamlı və ölçülə bilən dəyişikliklər yaradır?

– İnklüzivlik və müyəssərlik artıq müasir şəhərsalmanın əsas prinsiplərindən birinə çevrilib. WUF13 bu baxımdan yalnız forum iştirakçıları üçün deyil, ümumilikdə şəhər mühiti üçün də mühüm mesaj verir: şəhərlər hər kəs üçün əlçatan, təhlükəsiz və rahat olmalıdır.
Ümumilikdə müyəssərlik prinsiplərinin tətbiqi fiziki məhdudiyyətli şəxslərin, yaşlıların, uşaqlı ailələrin və digər həssas qrupların tədbirlərdə bərabər iştirakını təmin edir. Bu yanaşma sonradan şəhər infrastrukturuna da təsir göstərir. Məsələn, panduslar, əlçatan nəqliyyat, aydın istiqamətləndirmə sistemləri, inklüziv ictimai məkanlar şəhər mühitində davamlı dəyişikliklər yaradır.
Ən vacib məqam odur ki, inklüzivlik yalnız sosial məsələ deyil, həm də keyfiyyətli idarəetmə göstəricisidir. Əgər şəhər hər kəs üçün əlçatandırsa, deməli, həmin şəhər daha ədalətli, daha dayanıqlı və daha insan mərkəzlidir.

– Beynəlxalq təşkilatlar və tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın şəhərsalma və inkişaf layihələri üçün hansı yeni imkanlar və sinerji yaradır?

– Beynəlxalq əməkdaşlıq Azərbaycanın şəhərsalma və inkişaf layihələri üçün həm bilik, həm texnologiya, həm də institusional təcrübə baxımından yeni imkanlar açır. UN-Habitat, BMT qurumları, inkişaf agentlikləri, beynəlxalq ekspert icmaları və QHT platformaları ilə əməkdaşlıq ölkəmizə qabaqcıl urban yanaşmaları daha yaxından öyrənmək və onları yerli şəraitə uyğun tətbiq etmək imkanı verir.
Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın öz təcrübəsini də dünyaya təqdim etməsinə şərait yaradır. Xüsusilə bərpa olunan ərazilərdə aparılan şəhərsalma və yenidənqurma işləri, yaşıl enerji zonaları, ağıllı kənd və şəhər modelləri beynəlxalq tərəfdaşlar üçün də maraqlı nümunələrdir.
Vətəndaş cəmiyyəti baxımından isə WUF13 yeni şəbəkələşmə imkanları yaradır. Azərbaycan Milli QHT Forumu və Qlobal Cənub QHT Platforması kimi təşəbbüslər vasitəsilə QHT-lər beynəlxalq dialoqa daha fəal qoşula bilirlər.
Son illərdə Forumumuz beynəlxalq əməkdaşlıq proseslərində, xüsusilə iqlim dəyişiklikləri, dayanıqlı urbanizasiya və Qlobal Cənub əməkdaşlığı sahələrində daha fəal iştirak edir. COP29 zamanı Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları dialoqun təşviqi, tərəfdaşlıqların gücləndirilməsi və Qlobal Cənub icmalarının səsinin daha güclü şəkildə çatdırılması istiqamətində fəal rol oynamışdır. Bu gün WUF13 Azərbaycanın vətəndaş cəmiyyəti sektoru və yerli və qlobal tərəfdaşlar arasında beynəlxalq əməkdaşlıq üçün növbəti mühüm mərhələdir. Biz UN-Habitat ilə artan əməkdaşlığı və WUF13 prosesi boyunca nümayiş etdirilən inklüziv yanaşmanı yüksək qiymətləndiririk.  WUF tarixində ilk dəfə olaraq Qlobal Cənub QHT-ləri vahid pavilyon üçün birgə müraciət etmiş və UN-Habitat tərəfindən onlara xüsusi məkan ayrılmışdır. Bu, vətəndaş cəmiyyəti təşkilatlarının dayanıqlı urbanizasiyanın gələcəyinin formalaşdırılmasında əvəzolunmaz tərəfdaşlar kimi tanınmasının göstəricisidir.

Seçilən
47
ikisahil.az

1Mənbələr