AZ

Yağış nə üçün hər kəsə fərqli hisslər yaşadır?

“Eyni yağışlı hava bir insanı sakitləşdirir, romantik hiss etdirir, digərini isə səbəbsiz yorğun, sıxılmış və həvəssiz edir”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əslində bunun səbəbi çox sadədir:


“Hər insanın daxili dünyası, emosional yükü və həyata baxışı fərqlidir. Bəzi insanlar üçün yağış sakitlik deməkdir. Onlar yağışın səsini sevir, pəncərə kənarında oturmağı, çay içməyi və düşünməyi xoşlayırlar. Yağış onlar üçün bir az yavaşlamaq, özünlə qalmaq, beynin səsindən uzaqlaşmaq kimidir. Xüsusilə çox yorulan, daim insan içində olan və özünə zaman ayıra bilməyən insanlar yağışlı havada qəribə bir rahatlıq tapa bilirlər. Çünki yağış sanki “bir az dayan” mesajı verir”.

Ekspertin sözlərinə görə, bəziləri isə yağışlı havada özünü daha yorğun, həvəssiz və emosional hiss edir: 
“Sanki içində səbəbsiz bir sıxıntı olur. Bu da tam normaldır. Tutqun hava, günəşin az olması, qaranlıq atmosfer bəzi insanlarda enerjinin azalmasına səbəb olur. Xüsusilə son vaxtlar stress yaşayan, emosional olaraq yorğun olan və ya içində həll olunmamış hisslər daşıyan insanlarda yağış həmin hissləri daha da görünən edə bilir. İnsan bəzən yağışa yox, içində yığılan hisslərə reaksiya verir”.

Psixoloq vurğulayıb ki, bir də işin emosional tərəfi var:
“Bəzən yağış bizə xatirələri xatırladır. Kiminsə uşaqlıq xatirəsi, kiminsə keçmiş sevgisi, kiminsə tənhalığı… Ona görə bir insan yağışda rahatlıq tapır, digəri isə qəribə bir boşluq hiss edir. Eyni hava, fərqli hisslər… 

Əgər siz yağışlı havada özünüzü daha pis hiss edənlərdənsinizsə, o gün özünüzə bir az daha diqqətli yanaşın. Özünüzü məcbur edib “niyə belə hiss edirəm?” deyə yükləməyin. Daha çox işıq olan mühitdə qalmağa çalışın, qısa da olsa gəzin, sevdiyiniz musiqiyə qulaq asın, isti çay və ya qəhvə ilə özünüzə kiçik rahatlıq anı yaradın. Hərəkətsiz qalmaq və bütün günü yataqda keçirmək çox vaxt sıxıntını daha da artırır”.

Ülviyyə Ağazadə söyləyib ki, yağışlı havanı sevənlərdənsinizsə, bunu özünüz üçün gözəl bir rituala çevirə bilərsiniz: 
“Kitab oxumaq, yazmaq, meditasiya etmək, özünüzlə vaxt keçirmək üçün bu havanı fürsətə çevirin. Amma diqqət edin ki, çox içinizə qapanmayasınız və reallıqdan uzaqlaşmayasınız. Yağış hər kəsə eyni toxunmur. Çünki yağış havanı dəyişir, insan isə o havada içində nə daşıyırsa, onu daha çox hiss edir”.

Pərviz

Seçilən
4
hit.az

1Mənbələr