ain.az, Apa.az saytına istinadən bildirir.
18 may 1992-ci ildə Laçının işğalı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Həmin gün yalnız strateji əhəmiyyətə malik bir rayon işğal olunmadı, eyni zamanda Azərbaycanın təhlükəsizlik sistemi, dövlət idarəçiliyi və milli maraqları ağır zərbə aldı.

“Laçının işğalı Azərbaycanın o dövrdə üzləşdiyi siyasi xaosun nəticəsi idi”
Milli Məclisin deputatı Vüqar İskəndərov APA-ya açıqlamasında bildirib ki, Laçının işğalı dövrün AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, dövlət idarəçiliyindəki xaos və məsuliyyətsiz siyasətinin nəticəsi idi: “Həmin dövrdə ölkədə hakimiyyət uğrunda daxili çəkişmələr gedirdi, orduda vahid komandanlıq sistemi yox idi və dövlət idarəçiliyi faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Məhz bu səbəbdən Ermənistan silahlı qüvvələri və onları dəstəkləyən xarici qüvvələr Azərbaycanın torpaqlarını bir-bir işğal etməyə nail oldular. Şuşanın, Laçının və sonradan Kəlbəcərin itirilməsi təsadüf deyildi, bu, o dövrdə hakimiyyətdə olan şəxslərin siyasi səriştəsizliyinin və məsuliyyətsizliyinin nəticəsi idi”.
Şuşanın işğalı Azərbaycanın qəlbinə vurulan zərbə idi
Deputat deyib ki, 1992-ci ilin may ayında Şuşanın işğalı Azərbaycan xalqı üçün böyük faciəyə çevrildi: :Şuşa yalnız strateji əhəmiyyətə malik şəhər deyildi, həm də Azərbaycan mədəniyyətinin, tarixinin və milli ruhunun simvolu idi. Buna baxmayaraq, həmin dövrdə hakimiyyətdə olan qüvvələr şəhərin müdafiəsini təşkil edə bilmədilər. O vaxt müdafiə naziri olmuş Rəhim Qazıyev Şuşanın işğal olunmayacağı ilə bağlı cəmiyyətə yüksək pafoslu bəyanatlar verirdi. Rəhim Qazıyev “Şuşa işğal olunsa, başıma güllə vuraram” deməsinə baxmayaraq, şəhər faktiki olaraq müdafiəsiz vəziyyətdə qaldı və qısa müddətdə erməni silahlı qüvvələrinin nəzarətinə keçdi. Bu cür məsuliyyətsiz və populist çıxışlar Azərbaycan cəmiyyətində böyük məyusluq yaratdı. Şuşanın işğalından sonra Laçının müdafiəsi də ciddi təhlükə altına düşdü. Çünki Laçın Qarabağla Ermənistan arasında əsas strateji bağlantı rolunu oynayırdı. Şuşanın itirilməsi faktiki olaraq Laçının işğalını sürətləndirən əsas amillərdən biri oldu”.

“Ermənilər Şuşaya mahnı və rəqslə daxil olmuşdular”
Vüqar İskəndərov qeyd edib ki, o dövrdə baş verənlər Azərbaycan tarixində ən utancverici səhifələrdən biri kimi qalır: “Erməni silahlı qüvvələrinin Şuşaya demək olar ki, müqavimətsiz daxil olması düşmənin özündə belə təəccüb yaratmışdı. Hətta ermənilər şəhərə mahnı və rəqslərlə daxil olur, bunu “asan qələbə” kimi təqdim edirdilər. Erməni tərəfinin bəzi nümayəndələri sonradan öz açıqlamalarında Şuşanın onlara “hədiyyə edildiyini” etiraf edir, o dövrdəki Azərbaycan hakimiyyətinin səriştəsizliyinə görə minnətdarlıq ifadə edirdilər. Bu faktlar AXC-Müsavat hakimiyyətinin dövlət və milli maraqları qorumaqda aciz olduğunu açıq şəkildə ortaya qoyur. Laçının işğalı da məhz bu yanlış siyasətin davamı idi. Rayonun müdafiəsi lazımi səviyyədə təşkil olunmadı, əhali ağır vəziyyətdə doğma torpaqlarını tərk etməyə məcbur oldu. Minlərlə insan qaçqın və məcburi köçkün həyatına başladı. Həmin dövrdə yaşanan faciələrin əsas səbəblərindən biri dövlət idarəçiliyində məsuliyyət hissinin olmaması idi”.
Kəlbəcərin işğalı vəziyyətin nə qədər ağır olduğunu göstərdi
Deputat nəяərə çatdırıb ki, Şuşa və Laçından sonra Kəlbəcərin işğalı artıq Azərbaycanın çox ciddi təhlükə ilə üz-üzə qaldığını göstərirdi: “AXC-Müsavat hakimiyyəti ölkədə nə siyasi sabitliyi təmin edə bildi, nə də torpaqların müdafiəsini təşkil etdi. Nəticədə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca yeni əraziləri işğal etdi. O dövrdə dövlət maraqları ikinci plana keçmiş, daxili hakimiyyət mübarizəsi isə əsas prioritetə çevrilmişdi. Bu isə Azərbaycanın ərazi bütövlüyünə çox ağır zərbələr vurdu. Tarixdən düzgün nəticə çıxarmaq və dövlətçilik məsələsində hər zaman milli həmrəyliyi qorumaq son dərəcə vacibdir”.

“Prezident İlham Əliyev tarixi ədaləti bərpa etdi”
Azərbaycan xalqı heç vaxt işğalla barışmadı və torpaqların azad olunacağı günə daim inandı. Vüqar İskəndərovun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan güclü dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticədə Azərbaycan regionun ən güclü dövlətinə çevrildi: “Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu müasir standartlara uyğun şəkildə formalaşdırıldı, ölkənin iqtisadi və hərbi potensialı gücləndirildi. Məhz bunun nəticəsində 2020-ci ildə baş vermiş Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı. Laçının azad olunması xüsusi strateji və siyasi uğur idi. Laçın rayonun bir hissəsinini Azərbaycan Ordusu döyüşərək azad etdi. Laçın rayon mərkəzi və rayonun digər kəndləri isə Prezident İlham Əliyevin siyasi və hərbi strategiyası nəticəsində bir güllə atılmadan geri qaytarıldı. Bu isə minlərlə insanın həyatını xilas etdi və bölgədə əlavə qan tökülməsinin qarşısını aldı”.

“Laçında bu gün Azərbaycan bayrağı dalğalanır”
Vüqar İskəndərov qeyd edib ki, bu gün Laçında Azərbaycan bayrağının dalğalanması xalqımızın əzminin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının nəticəsidir: “İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Laçında həyata keçirilən infrastruktur layihələri, yeni yollar, yaşayış kompleksləri və sosial obyektlər Azərbaycanın bölgəyə verdiyi önəmin göstəricisidir. Laçının yenidən dirçəldilməsi yalnız iqtisadi deyil, həm də mənəvi və siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqı işğal dövrünün ağrılarını unutmasa da, artıq qalib xalq kimi gələcəyə baxır. 18 may tarixi Laçının işğalı günü kimi kədər doğursa da, bu gün həmin torpaqlarda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.