AZ

Paytaxt Bakı şəhərsalma müzakirələrinin beynəlxalq mərkəzindədir - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Şhərsalma və urbanizasiya prosesləri dünya miqyasında ən aktual müzakirə mövzularından birinə çevrilib. Sürətli şəhərləşmə, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf tələbləri ölkələri yeni həll yolları axtarmağa vadar edir. Məhz bu kontekstdə BMT-nin Şəhərsalma Forumu mühüm beynəlxalq platforma kimi çıxış edir".

Bunu Hafta.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib. O qeyd edib ki, bu forum 2022-ci ildən etibarən təşkil olunan və şəhərsalma sahəsində mühüm beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdən biridir.

R.Hüseynov vurğulayıb ki, Forum çərçivəsində müzakirə olunan məsələlər yalnız bugünkü Azərbaycanı deyil, ümumilikdə bütün dünyanı maraqlandıran problemləri əhatə edir:

“Burada urbanizasiya prosesləri, onun yaratdığı sosial-iqtisadi problemlər, fəsadlar və bu istiqamətdə həll yolları geniş şəkildə müzakirə olunur. Urbanizasiyanın doğurduğu çağırışlar uzun illərdir dünyanın diqqət mərkəzində olan mövzulardandır və bu səbəbdən forum beynəlxalq maraq doğurur. Azərbaycanda da şəhərləşmə və regionlardan iri şəhərlərə axın müəyyən problemlər yaradır. Bu baxımdan forumda aparılan müzakirələr ölkəmiz üçün də xüsusi əhəmiyyət daşıyır. Xüsusilə işğaldan azad olunmuş Qarabağ bölgəsində yenidənqurma və bərpa işləri, dayanıqlı şəhər infrastrukturlarının qurulması ilə bağlı məsələlərin müzakirəsi olduqca önəmlidir”.

R.Hüseynov qeyd edib ki, forumda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onun sözlərinə görə, burada aparılan müzakirələrin gələcəkdə Azərbaycanın şəhərsalma və memarlıq siyasətinə də müsbət təsir göstərəcəyi gözlənilir:

“Bu gün Azərbaycanda bəzi nöqsanları nəzərə almasaq, müasir şəhərsalma istiqamətində mühüm nailiyyətlər əldə olunub. Xüsusilə Qarabağda aparılan yenidənqurma və bərpa işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilir. Bakı şəhərində və digər bölgələrdə həyata keçirilən layihələr də ölkəmizdə şəhərsalma sahəsində ciddi inkişafın göstəricisidir. Bu forumun BMT ilə birgə təşkil olunması onun beynəlxalq əhəmiyyətini daha da artırır. Tədbirin əsas məqsədi təhlükəsiz, dayanıqlı və müasir şəhərlərin inkişafını təşviq etməkdir. Forum çərçivəsində iqlim dəyişiklikləri, məskunlaşma siyasəti və şəhər idarəçiliyi ilə bağlı məsələlər də müzakirə olunur, bu istiqamətdə müxtəlif tövsiyələr irəli sürülür. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. 2022-ci ildən sonra 2026-cı ildə də belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə şəhərsalma və inkişaf məsələlərinin müzakirəsində fəal iştirak etdiyini göstərir. Bu, Azərbaycanın dünya ilə inteqrasiyasının daha da güclənməsinə xidmət edir”.

Seçilən
14
hafta.az

1Mənbələr