WUF13 ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirlərdən biridir. Tədbirin əsas istiqamətləri şəhər quruculuğu, ağıllı şəhərlərin qurulması və urbanizasiya ilə bağlı məsələlərdir.
Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, Xidmət tədbirdə stendlə təmsil olunur: “Bizim bu tədbirdəki stendimizdə göstərmək istədiyimiz əsas məqamlardan biri isə ağıllı şəhərlərdə və urbanlaşan yeni şəhərlərdə tətbiq olunan rəqəmsal transformasiya ilə yanaşı, bu sistemlərin informasiya təhlükəsizliyinin necə qorunmasıdır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq burada müxtəlif simulyasiyalar təqdim edirik. Əldə etdiyimiz təcrübələrə əsaslanaraq göstəririk ki, kibersimulyasiyalar zamanı hansı təhdidlər yarana bilər, onlara qarşı hazırlıq necə təşkil olunmalıdır, ağıllı şəhərlərdə kiberhücumlar nəticəsində hansı kaskad effektlər meydana çıxa bilər.
Bunları həm 3D model üzərində, həm də ekranda təqdim edirik. Ümumilikdə 13 simulyasiyadan ibarət müxtəlif ssenarilər hazırlanıb. Həmin simulyasiyalar icra olunduqda müxtəlif obyektlərə və informasiya sistemlərinə yönələn kiberhücumlar göstərilir, onların təsirləri izah olunur.
Eyni zamanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin elektron dövlət informasiya sistemləri və kritik infrastrukturların təhlükəsizliyi ilə bağlı gördüyü tədbirlər, həyata keçirilən 24/7 monitorinq fəaliyyəti və kibertəhlükələrə qarşı mübarizə üsulları barədə izləyicilərə məlumat verilir”.
O bildirib ki, tədbirin informasiya təhlükəsizliyini Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təmin edir: “Təhlükəsiz internet təminatı, informasiya sistemlərinin auditi, onların təhlükəsizliyi və digər məsələlər hazırlıq mərhələsindən indiyədək tərəfimizdən təşkilatçılar və müvafiq qurumlarla birlikdə həyata keçirilir. Müxtəlif kibertəhlükələr, saxta saytlar və digər hallar aşkarlanarsa, bu barədə məlumatlar mütəmadi olaraq rəsmi saytımızda paylaşılacaq”.