AZ

Kembricin azərbaycanlı professoru: “Bu işlərimiz dünya elminə çox təsir etdi, bizdən sonra...” MÜSAHİBƏ

Elm sərhəd tanımır. Dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı alimlər də öz bilik və təcrübələri ilə beynəlxalq elmi mühitdə mühüm iz qoyurlar. Onların həyat yolu göstərir ki, kiçik bir kənddən və ya sadə bir məktəbdən başlayan arzular böyük uğurlara çevrilə bilər.

Xaricdə fəaliyyət göstərən alimlər yalnız elmi nailiyyətləri ilə deyil, həm də gənclərə verdikləri motivasiya, elmə baxışları və Azərbaycanın intellektual potensialını dünyada təmsil etmələri ilə diqqət çəkirlər.

Təqdim etdiyimiz müsahibədə də elmə gedən yolun çətinlikləri, uğurları, süni intellektin gələcəyi və Azərbaycan gənclərinin imkanları haqqında maraqlı fikirlər yer alır.

AzEdu.az Kembric Universitetinin professoru, dünya çapında tanınan alim Qərib Mürşüdlü ilə müsahibəni təqdim edir.

O, Şəmkir rayonunun Dəllər Cəyir kəndində dünyaya gəlib. Orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olub. 1987-1993-cü illərdə Moskva institutunda fizikanı və riyaziyyatı biologiyanın müəyyən problemlərini tətbiq edərək müdafiə edib.

Daha sonra Böyük Britaniyaya gələrək (1993-2011-ə qədər) York universitetində çalışıb. 2011-ci ildən bu günə qədər isə Kembric Universitetində molekulyar biologiya laboratoriyasında bir qrup rəhbəridir.

Yolum əslində, buradan başladı - O kitab mənə verilmədi...

- Qərib müəllim, bir vaxtlar Şəmkirin Dəllər Cəyir kəndində kitablarla maraqlanan bir məktəblinin illər sonra dünyanın ən nüfuzlu elmi mərkəzlərində çalışacağını yəqin ki, çox az adam təsəvvür edərdi. Bəs kənd məktəbindən başlayıb Kembric laboratoriyalarına qədər uzanan bu uzun və maraqlı yolun ilk addımları necə atıldı?

- Bu, biraz mürəkkəb sualdır. Çünki bilmirsən ki, haradan başladın, necə başladın və s. Əslində, bu yola haradan başladığını müəyyən etmək olmur. Məsələn, birinci  sinifdə oxuduğum vaxt bir müəllimin digər şagirdə kitab verməsi  xətrimə dəymişdi. Yəni, o kitabı niyə mənə deyil də, başqasına verməsinə çox pis olmuşdum. Ola bilər ki,  elə buradan yola başladım.

Və ya 8-ci sinifdə kimyaya olan marağım, ali məktəb səviyyəsində kitablar oxumağım,  bir də mən 9-cu sinifdə oxuyarkən, məktəbimizə yeni gələn Kimya müəllimimiz Valeh müəllim...  Onun təbirincə desək, Valeh müəllimlə bir-birimizlə yarışma xarakterli müzakirələrimiz... Bir bə, Respublika Fənn Olimpiadasında Kimya və Riyaziyyat fənləri  üzrə uğurlu  iştirakım... Bəlkə də elə bu sadaladıqlarımdan dolayı  elm yoluna  başladım. Bilmirəm, bəlkə də... Amma bütün  bunların hansını başlanğıc saymaq olar...

Uşaq yaşlarınızda bu qədər oxumağa maraq göstərməyinizin səbəbi nə idi? Siz də bu həvəsi kim yaradıb?

- Atam çoban, anam isə kolxozda işləyirdi. Bizim evdə ümumiyyətlə kitab yox idi. Valideynlərimin təhsili olmayıb. Motivasiyam yalnız onların məni oxumağa həvəsləndirmələri,  hər uğur qazandığım zaman valideynlərimin gözlərində gördüyüm fəxr hissi olub. Bu isə öz növbəsində məni həvəsdən düşməyə imkan verməyib. Ümumiyyətlə, bunun özü də maraqlıdır -  insanlar eyni şəraitdə yaşamasına rəğmən nəyə görə müxtəlif istiqamətə gedir, başqa cür formalaşırlar? Bunu bir tədqiqat kimi işlənsə çox yaxşı olardı.

Az öncə dedim, oxumağa həvəsim bəlkə də, 1-ci sinifdə müəllimimin  mənə  kitab verməməsindən yarandı. Amma o mənə sonradan  bir başqa kitab verdi....

- Hansı kitab idi?

- Adı yadımdan çıxıb, amma elanlar haqqında balaca bir kitab idi. Böyük hərflər və böyük şəkillərlə tərtib edilmişdi. Hələ onda birinci  sinfin elə birinci ayında oxuyurdum. Məktəbə yeni başlamışdıq. Ailəmdə oxumuş adamlar olmadığına görə müəllim belə fikirləşirdi ki, yəqin digər uşaqlar (ata və anası oxumuş olanlar) nələrisə daha yaxşı bilər, ancaq mən yox. Müəllimin bu hərəkəti əslində, heç düzgün deyildi.Çünki bu uşaqların həvəsdən düşməsinə səbəb olurdu. Gərək uşaqlara biz eyni səviyyədə baxaq. Hər biri eyni duyğulara və potensiala malikdir.

- Hər birimiz ilk arzusu uşaqlıq illərindən formalaşmağa başlayır. Bəzən bu arzunun arxasınca gedənlər də olur, istiqamətini dəyişənlər də. Bəs, sizin ilk arzunuz nə olub?

183360

- Özümün dəqiq yadımda deyil, lakin mənə belə  rəvayətlər  edirdilər ki, uşaq vaxtı tez-tez “mən Kremldə oxuyacağam” deyirmişəm.  O vaxtı Moskva bizim üçün ən böyük məkan, yer sayılırdı. Hər bir uşaq kosmosa getmək istəyirdi. Daha sonra həkim olmaq istəyirdim. Çünki biologiya və kimyanı daha çox oxuyurdum. Ondan sonra da hakim olmaq istədim. 8-9-cu sinifdən sonrasa riyaziyyatla məşğul olmağa başladım. Əsas bu istiqamətdə getmək istəyirdim. Həmin vaxtlarda düşünürdüm ki, uşaqlarda potensial var, amma heç biri niyə görə bunu reallaşdırmır?

Çox güman ki, riyaziyyat müəllimi olmaq istərdim. Amma həyat necə deyərlər öz bildiyi kimi istiqamətləndirir.

- Riyaziyyat müəllimi olmaq arzunuzu reallaşdırmağa nə mane oldu?

- 1980-ci illərdə Sovetlər ölkəsində çaxnaşmalar var idi. Həmin vaxtlar insanlar öz istədikləri istiqamətdə gedə bilmirdilər. Deməzdim ki, arzuma çatmamışam. Əslində dolayı yolla o arzunu çoxdan həyata keçirmişəm.

“Anamın uşaq vaxtı oxuduğu nağılları sonradan tapmaq istədim”

- Bəs, gələcəkdə alim olacağınız barədə heç düşünürdünüzmü?

- Şagirdləri öyrətmək və hər zaman elmlə məşğul olmaq hər zaman ağlımda olub.

Çoxlu kitablar oxuyurdum. Həmin vaxt jurnallara yazı hazırlayırdım. Kitabxanalara gedib kitabları oxuyub bitirmişdim. Düşünürdüm ki, mən nə iləsə məşğul olub, nəticələr almalıyam. Baxmayaraq ki, özüm də gənc idim, amma yaşıdlarıma  kömək edib potensiallarını reallaşdırmaq istəyirdim.

Mən müxtəlif istiqamətlərdə kitab oxuyurdum. Həm elmi-popular, həm də bədii kitablar. Hələ uşaq olduğum dönəmlərdə Azərbaycan nağıllarını bilirdim. Anam çoxlu nağıllar oxuyardı. Sonradan  o nağılların  bir hissəsini tapa bilmək istədim, amma hamısını tapa bilməsəm də, müəyyən hissəni əldə etdim.

Orta məktəbdə oxuduğumuz “Qılınc və qələm”, eyni zamanda,  “1984” adlı kitab da mənə çox təsir etmişdi. Ümumiyyətlə, insanın formalaşmasında onun ətraf mühiti və oxuduğu kitablar, izlədiyi verilişlər çox təsir edir. Bir növ kömək edir.

- Qərib müəllim, uşaqlıq illərinizdən söz açdıq. İstərdim tələbəlik illərinizdən də danışasınız. Həmin illəri necə xatırlayırsınız?

- Hər zaman inanırdım ki, mən nəyisə bacaracağam. Müəllimlərimlə münasibətlərim  fərqli idi. Təbiətcə elə insanam ki, fikirləşdiyimi birbaşa deyirəm. Məsələn, mühazirələrdə müəllim səhv edəndə, bunu  ona birbaşa deyirdim. Təbii ki, bu əksər müəllimlərin xoşuna gəlirdi, amma mövzunu yaxşı bilməyən bəzilərini isə  narahat edirdi.

Çünki riyaziyyatdan danışanda məntiq mühakimı mütləq olmalıdır. Universitetdə iki cür bilik var: Birincisi,  möhkəm bilikdir ki, onu kitablardan, mühazirələrdən alırıq. Digəri isə tələbələrlə münasibətdən yaranan bilik. Universitet insanı böyüdür. Bu ətraf mühit gələcəyə çox təsir edir. İnsan beyni 22 yaşında tam formalaşır. Tələbəlik illəri hər birimizin ən xoşbəxt illəridir.

- Bəs, riyaziyyatdan molekulyar biologiyaya keçid etməyinizə səbəb nə oldu?

- Ali məktəbi bitirdikdən sonra iki yol var idi: ya Rusiyaya gedərək orada hər hansısa bir hesablama mərkəzlərində işləmək,- bunu istəmirdim. Ya da elmi tədqiqat institutlarında yer tapmaq.

Daha sonra elmi-tədqiqat mərkəzinə işə təyinat aldım. Həmin mərkəzdə riyaziyyatı biologiyaya tətbiq edən çox insan var idi. Bu mənim həyatım dönüş nöqtəsi oldu. Daha sonra 1987-ci ildə bir şəxs mənə Moskvaya getməyi təklif etdi. Mən də bu təklifi qəbul elədim və bununla da riyaziyyatın biologiyaya tətbiqinə keçdim.

Ümumiyyətlə, belə bir prinsipim var ki, insan ancaq sevdiyi işi görərsə, imkanları çox daralar. Amma gördüyü işi sevsə, bu, onun imkanlarını həddən artıq böyüdür. Çünki sevdiyin işlə məşğul olanda fikirləşirsən ki, yalnız bununla məşğul ola bilərəm. Lakin həyatda çox şey olur və biz seçimlər edirik. Bir hissəsi bizdən asılı olsa da, bir hissəsi bizdən asılı deyil. Qarşımıza çıxan problemi sevə-sevə həll etsək daha çox uğurlar qazana bilərik.

- İnsan hər yaş dövründə demək olar ki, çətinliklərlə qarşılaşır. Böyük Britaniyada ilk illərdə azərbaycanlı alim kimi hansı çətinliklərlə qarşılaşdınız?

183362

- Məhz azərbaycanlı olduğum üçün hər hansı çətinlik çəkməmişəm. Çətinlik o zaman olur ki, bir mühitdən başqa bir mühitə gedən zaman oraya uyğunlaşmayasan. Ümumiyyətlə, insanlarda hərdən belə məsələlərdə səhvlər olur; onlar istəyirlər ki, ətraf mühiti özlərinə uyğun dəyişsinlər. Bu isə qeyri-mümkündür. İnsanı yeganə dəyişdirə biləcəyi şəxs elə özüdür. Ona görə də Britaniyada yaşamaq üçün adaptasiya lazımdır.

Elmdə yenilik – Bizim başladığımız yeni metod

- York Universitetində çalışdığınız dövrdə elmdə dönüş nöqtəsi hesab etdiyiniz layihə hansı olub?

- Bir sıra layihələrdə iştirak etmişəm. İşlədiyimiz elmi cəmiyyətə təsir edən “statistik üsullarının verilənlərin analizinə tətbiq edilməsi” olub. Bu bizim sahədə çox populyar oldu. Çünki antiriyazi üsulların tətbiqi ancaq intuisiyaya açıqlanmaqdan  həmişə daha yaxşı nəticə verir. Bizdən sonra kollegiyalarımızda həmin üsuldan istifadə etməyə başladılar.

Və beləcə, həyat da maraqlı olmağa başladı... Həm də  daha maraqlı olmağa...

- Hazırladığınız proqramların bu gün dünya alimləri tərəfindən geniş istifadə olunması sizdə hansı hissləri yaradır?

- Suala cavab olaraq, “Sevinmək” desək, bu,  doğru ifadə olmaz. Müəyyən mənada qürur hissi keçirirsən. Amma qürurdan da çox yaranan hiss cavabehlikdir. Bu, xarakterimdən irəli gəlir. Sənin elmi nəticələrindən nə qədər çox insan istifadə etsə,  cavabdehlik hissini daha da artırır. Çünki artıq onların da nəticələri sizin işlərinizdən asılıdır. Məsələn, bir neçə ildən sonra təqaüdə çıxacağam. Ona görə də həmin üsul və proqramların yeni formada hazırlanmasına cavabdehlik daşıyıram.

İxtiyari uğur qürurdan başqa cavabdehlik, məsuliyyət də gətirir. 

- Bioinformatikanın gələcəyini necə görürsünüz? Süni intellekt bu sahəni nə dərəcədə dəyişəcək?

- Süni intellekt bir dəbə çevrilib. Bu gün doğrudan da çox təsirləri var. Sözsüz ki, bioinformatikada bunun təsiri qaçınılmazdır. Həyatmızda hər yerdə  bunun təsirini görürük. Cavabdehlik məsələsinə qayıtsaq, deyim ki, bu, həm də əlavə bir problem yaradır. Hazırda süni intellektin bu səviyyədə inkişaf etməsi 2 böyük problem yaradır:  Birinci problem odur ki, süni intellekt alətinə edilən təsiri, verilən əmri biz necə həyata keçirməliyik?  Çünki ixtiyari verə biləcəyimiz sualı artıq süni intellekt vasitəsilə siz cavabını ala bilərsiniz.

İkincisi,  süni intellektdən artıq ixtiyari adam istifadə edə bilər ki,  bu da öz növbəsində təhlükə yarada bilər. Bu o deməkdir ki, təhlükə insanların kütləşməsinə gətirib çıxarar. Ümumiyyətlə, süni intellekt və ixtiyarı texnologiyanın istifadəsi hansı yollasa  requlyasiya olunmalıdır.

Amma problem də budur ki, bu requlyasiyanın hər hansı ölkə tərəfindən aparılması çətin görünür.

İxtiyari requlyasiyanı aparan hər hansı ölkə sonradan əlverişsiz mühitlə üz-üzə qala bilər. Bu ayrı və maraqlı bir mövzudur. Bu haqda ayrı danışmaq da olar.

“İnsanlar süni intellektlə ayaqlaşa biləcəkmi, ya yox, bilinmir”

- Süni intellektdən söz düşmüşkən, son zamanlar süni intellektin bəzi sahələri əvəzləyə biləcəyi fikirlər səsləndirilir. Siz bu barədə nə demək istərdiniz?

- İnsan tarixinə nəzər salsaq görərik ki, bəşəriyyət  müxtəlif fəaliyyət sahəsini sınaqdan çıxarıb.  Daha sonralar isə  texnologiya inkişaf edib və müəyyən mənada insanları əvəz etməyə başlayıb. Süni intellektə  də bu cür baxıram. Kompüterlər meydana çıxan vaxtlar düşünürdülər ki, onlar insanları əvəz edəcək. İndi də bu süni intellektlə bağlı deyilir.  

Bu ümumiyyətlə maraqlı mövzudur ki, süni intellekt riyaziyyatı əvəz edə bilərmi? Riyaziyyatdan olan teoremlərə görə bu qeyri-mümkündür. Riyaziyyat heç vaxt tam ola bilməz.

İndi gəlin, baxaq görək bəs insanları əvəz edə bilərmi? Hazırkı durumda bəli, Sİ  müəyyən işləri əvəz edə bilər. Daha yaxşı tədris hazırlamaq, proqramların yazılmasında iştirak və s. İnsanların əsas problemi də ondan ibarətdir ki, texnologiyanı az sayda insanlar inkişaf etdirir və çox sayda isə istifadə edirlər. Onlar arasında ona görə də böyük bir uçurum var. İkinci bir tərəfdən isə süni intellektdə xüsusi bir problem var ki, onun inkişafı həddən artıq sürətlə gedir. İnsanların buna adaptasiyası mümkünmü, yoxsa qeyri-mümkünmü? Bu çox maraqlı sualdır.

Süni intellekt insanların hazırkı fəaliyyətlərinin bir qismini öz üzərinə götürə biləcək. Amma yeni istiqamətlər meydana çıxmalıdır.

- “Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı” əsərinizin beynəlxalq elmdə böyük rezonans doğurmasının əsas səbəbi nə idi?

183363- Əslində ilk elmi nəticəm bu deyil. Mənim əsas birinci işim 1997-ci ildə nəşr olunmuş “maksimum oxşarlıq üsullarının zülal verilənlərlə zülalların quruluşlarının öyrənilməsinə təsiri” tətbiqi ən çox istinad olunan əsərim olub. Səbəbi isə riyazi istifadə edilən üsulların tətbiqinin daha yaxşı nəticələr verməsidir. Çox güman ki, səbəbi bundan qaynaqlanır.  Verilənlərin analizi üçün daha yaxşı nəticələr almaq üçün bu çox yaxşı olub.

- Sizcə, müasir biologiyada riyaziyyat və kompüter elmləri olmadan böyük kəşflər etmək mümkündürmü?

- Nəinki biologiyada,  heç bir sahədə müasir dünyanın heç bir sahəsində elmi, siyasi, iqtisadi sahəsində riyaziyyatsız və kompüter elmlərsiz demək olar ki, çox cüzi işlər görmək olar. Biologiyada böyük verilənlər var və bu verilənlərin analizi ancaq kompüter və riyazi üsullarla mümkündür.

Müasir dünya kompüter elmləri və riyaziyyatsız qeyri-mümkündür. Təəssüki,  orta məktəb və universitetlərdə də riyazi biliklər kifayət qədər verilmir. Çünki insanlar bir istiqamət seçirlərsə həmin istiqamətdə onlar gedirlər və riyazi biliklər verilmir. Və onlar daha sonra sahəyə gələndə müəyyən çətinliklərlə qarşılaşırlar.

- Süni intellektin inkişafı alimləri əvəz edəcək, yoxsa onların imkanlarını genişləndirəcək?

- Ümumiyyətlə süni intellektin riyaziyyatı tam əvəz etməsi qeyri-mümkündür. Elmi ixtiraları da süni intellekt vasitəsilə edilməsi də mümkün deyil. Ona görə də çox güman ki, süni intellekt insanları və elmi tam əvəz edə bilməyəcək. Hazırkı mövcud olan vəziyyətdə mümkün deyil.

- Azərbaycanda bioinformatika və molekulyar biologiya sahələrinin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Əslində potensiallar var, amma biologiyada məşğul olmaq üçün mütəxəssis və avadanlıqlar lazımdır. Hazırda cəhd edib müəyyən işlər görülür, amma çox işlər görmək lazımdır. Biologiya kimi sahələri inkişaf etdirmək üçün milyonlarla maliyyə qoymaq lazımdır ki, infrastruktur yaradılsın. Təəssüf ki, Azərbaycan bura qədər gəlib çıxmayıb. Lakin bizim buna potensialımız var.

- Dünyanın aparıcı laboratoriyalarında çalışan alim kimi Azərbaycanlı gənclərdə ən çox hansı potensialı görürsünüz?

- 15 ildir ki, Azərbaycana tez-tez gedib gəlirəm. Mənim Vətəndə  hətta bir laboratoriyam var. Orada gənc  mütəxəssislərlə birgə çalışıram ki, onları yetişdirim. Eyni zamanda, Azərbaycanda məktəb və universitetlərə də getməyə çalışıram. Gənclərə misal kimi göstərmək istəyirəm ki, əgər istəsəniz hər şeyə nail ola bilərsiniz. Mən sadə bir adamam. Əgər mən edə bilmişəmsə, siz də edə bilərsiniz. Azərbaycan heç bir ölkədən geri qalmır, ya da irəli getmir.

Kütləvi informasiya vasitələri, ailə, məktəb, televizor və s.bunlar insanların hansı yolu getdiyini müəyyən edir. Dünyanın bir sıra aparıcı ali məktəblərində azərbaycanlı gənclər bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsilini davam etdirirlər. Azərbaycanlı gənclərin potensialı böyükdür.

“Azərbaycanda uğur qazanmaq Qərb ölkələrindən daha asandır”

- Elmdə uğur qazanmaq istəyən gənclərə ən vacib tövsiyəniz nə olardı?

- İlk növbədə və ən əsası özünə inanmaqdır. Bunlarla yanaşı özlərinə təsir etməyə də çalışsınlar. Gənclər arasında belə bir tendensiya var. İnsanlar edə bilmədikləri. əlləri çatmadıqları mövzuları müzakirə edirlər. Amma bunları həll edə bilməzlər.

Gənclər birinci özlərini inkişaf etdirməlidir. Fikirləşməlidirlər ki, necə edək ki, biz potensiallarımızı reallaşdıraq. İkincisi isə, heç vaxt səhvlərdən və çətinliklərdən qorxmamaq lazımdır. İşləməyən adamlar səhv edə bilmirlər. Hamı səhv edə bilər. Yıxıldınsa,qalxmaq lazımdır. Bundan əlavə oxumaq, mütaliə etmək lazımdır.

Hər hansısa bir yerdə təcrübə də iştirak vacibdir. Sertifikatlar təcrübə deyil. Azərbaycanda belə bir paradoks var ki, diplomların sayı çoxdur, amma işə cəlb edilən təcrübəli insanların sayı azdır. Bizim gənclərlə xarici gənclər arasında o qədər də fərq görmürəm.

Hər yerdə gənclər müəyyən uğurlar qazanmaq istəyir. Onlar üçün  Qərb ölkərində daha çox imkanlar var, amma onları görmürlər. Bir məsələni qeyd edim ki, Azərbaycanda uğur qazanmaq Qərb ölkələrindən daha asan olsun: Əgər biliyiniz varsa, üzərində işləyə bilərsiniz. Çünki Azərbaycanda böyük boşluqlar var. Mütəxəssislərə çox ehtiyac var.

- Bu gün geriyə baxanda həyatınızda “ən doğru qərarım bu oldu” dediyiniz seçim hansıdır?

- Bu,  biraz mürəkkəb sualdır. Çünki hərdən “filan işi görsəydim nə olardı?” haqqında düşünürəm.  Biz müəyyən vaxt seçim edirik. Güman edirsən ki, düzgün istiqamətdəsən. Ancaq seçim etdikdən sonra geri qayıdıb təkrar nəyisə düzəltmək olmur. Yəni, digər yol sizə əlçatan deyil. Ona görə də bu gün nəyisə müqayisə etmək çətindir.

Keçmişə baxıb məyus olmaqdansa nəyisə öyrənmək lazımdır. Bu nöqteyi-nəzərdən deyə bilmərəm ki, hər hansısa bir addım ən doğru addımdır. Çünki bunu demək üçün bütün alternativləri yoxlamaq lazımdır ki, əgər ayrı bir addım atsaydım nə olardı? Bu, bir həyatdır. Biz də bura gəlmişik. Keçmişə baxıb sadəcə öyrənmək və bu haqda fikirləşmək olar.

183359

Seçilən
24
azedu.az

1Mənbələr