AZ

"Moskva Tehran və Vaşinqtonun razılaşacağı istənilən həlli dəstəkləyəcək" - Lavrovdan İran mesajı

Rusiya İran ətrafındakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ekvatorial Qvineyanın xarici işlər naziri Simeon Oyono Esono Angue ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

Lavrov bildirib ki, Moskva Tehran və Vaşinqton arasında razılaşdırılacaq istənilən həlli dəstəkləməyə hazırdır.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planı əlavə şəffaflıq və nəzarət mexanizmlərini nəzərdə tuturdu. Lavrov qeyd edib ki, İran həmin dövrdə MAQATE tərəfindən daha geniş yoxlamalara razılıq verməklə ciddi güzəştlərə gedib.

Nazir vurğulayıb ki, daha sonra Donald Tramp administrasiyası ilk prezidentlik dövründə bu razılaşmadan imtina edib. O bildirib ki, həmin müqavilə qüvvədən düşdükdən sonra İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv digər ölkələrlə eyni hüquqlara malik olmalıdır.

Lavrov əlavə edib ki, əgər İran xoşməramlı addım olaraq qanuni nüvə proqramının bəzi aspektlərini məhdudlaşdırmağa qərar versə və bu, uzunmüddətli sülhə xidmət etsə, Rusiya bunu alqışlayacaq.

Rusiyalı nazir həmçinin qeyd edib ki, İranın MAQATE nəzarəti altında dinc məqsədlərlə uranı zənginləşdirmək hüququ istənilən mümkün razılaşmanın əsas hissəsi olaraq qalmalıdır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
18
1
redaktor.az

2Mənbələr