AZ

Slovakiya Baş nazirinin müavini: Bakı dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır

Tarix və müasir inkişafın simvolu olan Bakı şəhəri dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır.


APA xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba WUF13-ün açılış mərasimində çıxışında deyib.


Slovakiya nümayəndəsi bildirib ki, şəhərlər yalnız inkişaf mərkəzləri deyil, həm də qorunmalı və dayanıqlı saxlanılmalı kritik infrastruktur sistemləridir.


O çıxışı zamanı Slovakiyanın BMT-nin Məskunlaşma Proqramının urbanizasiya və dayanıqlı şəhər dayanıqlığı təşəbbüsünə güclü dəstək verdiyini vurğulayıb:
“Biz bu təşəbbüsü praktik və nəticəyönümlü platforma kimi qiymətləndiririk”.


Nümayəndə qeyd edib ki, Slovakiya yalnız siyasi dəstək verməklə kifayətlənmir, həm də ekspertiza paylaşımı və konkret layihələrin icrasında iştirak etməyə hazırdır.
Çıxışda hərbi münaqişələrin şəhərlərə təsiri də xüsusi vurğulanıb.


“Dünyanın bir çox şəhəri hərbi münaqişələrin nəticələri ilə üz-üzədir. İnfrastruktur dağıdılır, əsas xidmətlər pozulur, insanlar məcburi köçkünə çevrilir”,- o qeyd edib.


Onun sözlərinə görə, əsas məsələ yalnız yenidənqurma deyil, uzunmüddətli şəhər canlanmasının təmin edilməsidir və Slovakiya bu prosesdə dəstək göstərməyə hazırdır.


Nümayəndə ölkəsində mənzil fondunun modernləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, Slovakiyada ev təsərrüfatlarının 55 faizi fərdi evlərdə yaşayır və onların əhəmiyyətli hissəsi köhnə tikililərdir.


“Məqsədimiz insanların yaşayış xərclərini mümkün qədər azaltmaqdır”, - o vurğulayıb.


Slovakiya tərəfi enerji səmərəliliyi və iqlim dəyişiklikləri ilə mübarizənin vacibliyini qeyd etsə də, yeni standartların sosial problemlər yaratmamasının vacib olduğunu vurğulayıb.


“İqlim dəyişikliyi ilə mübarizə yeni yoxsulluq və sosial gərginlik yaratmamalıdır”.


Çıxışın sonunda Slovakiya nümayəndəsi ölkəsinin su ehtiyatlarının idarə olunması sahəsində xüsusi təcrübəyə malik olduğunu və bu sahədə digər dövlətlərlə əməkdaşlığa hazır olduğunu bildirib.

Seçilən
0
1
apa.az

2Mənbələr