“Çin şirkətlərə Datanın balansda aktiv kimi göstərməyi məcburi edən ilk ölkə oldu. Araşdırmalar göstərir ki, bu qərar şirkətlərin bazar dəyərini artırır, maliyyəyə çıxışını asanlaşdırır. Amma bunun işləməsi üçün məlumat üzərində hüquqların və məlumat bazarının düzgün qurulması vacibdir”.
Ölkə.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili deyib.
O bildirib ki, müasir rəqəmsal iqtisadiyyatda məlumat (data) artıq ən vacib resurslardan birinə çevrilib: “Qlobal data bazarı sürətlə böyüyür. 2024-cü ildə onun həcmi təxminən 130 milyard dollar qiymətləndirilirdi və növbəti beş ildə hər il orta hesabla 15%-ə yaxın artacağı gözlənilir. Bu artım təkcə rəqəmsal məlumatların çoxalması ilə deyil, həm də onların saxlanması, emalı və analizi üçün texnologiyaların inkişafı ilə bağlıdır.
Məlumatlar qeyri-maddi aktivlərə daxildir. Bu kateqoriyaya elmi tədqiqatlar, texnologiyalar, brendlər, patentlər və proqram təminatı da aiddir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2026-cı ilin martında açıqladığı hesablamalara görə, son on ildə dünyadakı korporativ qeyri-maddi aktivlərin ümumi dəyəri qlobal ÜDM-in təxminən 67%-nə çataraq 100 trilyon dollara yaxınlaşıb. 2008-ci ildən bəri qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərdən 3,7 dəfə daha sürətlə artır.
Bəzən datanı “yeni neft” də adlandırırlar. Amma iqtisadi əhəmiyyətinə baxmayaraq, onun necə aktiv kimi tanınacağı uzun müddət mübahisəli məsələ olub. Mövcud mühasibat sistemləri bunu tam şəkildə nəzərə almağa hazır deyil.
Nəzəri baxımdan, məlumatın aktiv sayılması üçün iki şərt vacibdir:
- şirkət həmin məlumat üzərində nəzarətə malik olmalıdır;
- həmin məlumat gələcəkdə iqtisadi fayda yaratmalıdır”.
Deputat əlavə edib ki, praktikada isə bunu sübut etmək çətindir. Çünki eyni məlumatdan bir neçə şirkət istifadə edə bilər və mülkiyyət hüququnu müəyyənləşdirmək mürəkkəbləşir. Bundan əlavə, bütün məlumatların dəyəri eyni deyil. Onun qiyməti istifadə kontekstindən asılıdır.
2022-ci ilin sonunda Çin hökuməti “Məlumat üzrə 20 göstərici” adlı konsepsiya qəbul etdi. Bu sənəd məlumat üzərində “üç hüquq” sistemini müəyyənləşdirdi və ənənəvi mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənliyi azaltmağa çalışdı.
Konsepsiyaya görə məlumat üzərində hüquqlar üç hissəyə bölünür:
- məlumatın saxlanması hüququ;
- istifadə hüququ;
- idarəetmə və kommersiya istismarı hüququ.
Çin burada klassik “tam mülkiyyət” anlayışından uzaqlaşıb və məlumatı müxtəlif tərəflər arasında bölüşdürülə bilən “hüquqlar paketi” kimi qəbul edib. Məsələn, şirkət məlumat toplamaq üçün podratçı cəlb edibsə, müqavilədə başqa cür göstərilməyibsə, həm sifarişçi, həm də podratçı həmin məlumatın saxlanması üzərində paralel hüquqlara malik ola bilər. Nəticədə məlumat artıq ölçülə bilən, konkret qiyməti və hüquqi statusu olan aktivə çevrilib”.
Deputat əlavə edib ki, bu da məlumatdan hətta bank kreditləri üçün girov kimi istifadə etməyə imkan yaradıb: “Eynilə daşınmaz əmlak kimi. Hətta 2025-ci ilin iyulunda isə Şanxay Fond Birjası məlumat aktivləri ilə təmin olunan ilk qiymətli kağızları (ABS) dövriyyəyə buraxdı.
Çin təcrübəsi göstərir ki, düzgün institusional sistem qurulduqda, yəni məlumat üzərində hüquqlar dəqiq müəyyənləşdirildiyi və data bazarı formalaşdırıldığı zaman üstünlüklər riskləri üstələyə bilir. Bu baxımdan Çin modeli məlumatın necə aktivə çevrilə biləcəyinə dair dünyaya praktik nümunə təqdim edir”.
Mürtəza