Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi, Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı Azərbaycanı “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil edib, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarıb, onların marağına səbəb olub.
Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanıb.
Tədbirin ilk günündən ardıcıl olaraq 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilib. “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan “Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü” heykəli hədiyyə edilib.
Tədbirin yekununda “Land of Fire – Azerbaijan” polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası ilə dostluq görüşü keçirilib və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatıb.



Bizim.Media