AZ

Dövlət satınalmalarında rəqəmsal müqavilə prosesi

Dövlət satınalmalarının rəqəmsal müstəvidə idarə olunması məqsədilə bu ilin aprel ayından fəaliyyətə başlayan “e-müqavilə” altsistemindən istifadə qaydalarını əks etdirən video-təlimat hazırlanıb. Maliyyə Nazirliyi məlumatında daha sonra bildirilir ki, yüksək istifadəçi aktivliyinin müşahidə olunduğu altsistemin tətbiqini daha da asanlaşdırmaq məqsədilə hazırlanan təlimatda mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin elektron formada yaradılması, razılaşdırılması və imzalanması prosedurları ətraflı izah edilir.

Video bələdçi büdcə təşkilatları və təchizatçılar üçün “e-müqavilə” altsistemində həyata keçirilən avtomatlaşdırılmış proseslərin daha çevik, operativ və səmərəli idarə edilməsinə imkan yaradacaq.  Xatırladaq ki, “e-müqavilə” sistemi Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Altsistem “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında satınalma müqavilələrinin elektron qaydada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını təmin edir. 

Mütəxəssislərin fikrincə, rəqəmsal satınalma mexanizmlərinin genişləndirilməsi dövlət vəsaitlərinin idarə olunmasında şəffaflığın artırılması, sənəd dövriyyəsinin sürətləndirilməsi və insan faktorunun minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr