AZ

Almaniya Türkiyədən uzaqmənzilli raketlər ala bilər

Berlin ABŞ-nin “Tomahawk” raketləri ilə bağlı imtinasından sonra Türkiyə istehsalı raket sistemlərinə maraq göstərir...

Almaniya ABŞ prezidenti Donald Trumpın Avropada ABŞ istehsalı olan “Tomahawk” raketlərinin yerləşdirilməsi planını təsdiqləməməsindən sonra Türkiyədən uzaqmənzilli raket sistemləri almaq variantını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, u barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb.

Məlumata görə, Berlində Türkiyənin “Yıldırımhan” ballistik raketi və hipersəsli “Tayfun BLOK-4” raket sistemlərinin mümkün satınalınması müzakirə olunur. Bildirilir ki, “Yıldırımhan” raketinin bəyan edilən uçuş məsafəsi 6000 kilometrə qədərdir.

Nəşr qeyd edir ki, tərəflər arasında mümkün razılaşma barədə rəsmi açıqlama iyul ayında Ankarada keçiriləcək NATO sammiti zamanı verilə bilər.

“Welt” yazır ki, belə bir addım Avropa üçün mühüm dönüş nöqtəsi hesab oluna bilər. Çünki Almaniya indiyədək əsasən Türkiyəyə silah ixrac edən tərəf kimi çıxış edib, indi isə əks istiqamətdə əməkdaşlıq ehtimalı gündəmə gəlib.

Məqalədə vurğulanır ki, Avropa dövlətləri son dövrlərdə uzunmənzilli zərbə imkanlarını gücləndirməyə xüsusi diqqət ayırırlar. Bunun əsas səbəblərindən biri Rusiyadan qaynaqlandığı iddia olunan potensial təhlükələr fonunda hərbi infrastruktur obyektlərinə uzaq məsafədən zərbə endirmək qabiliyyətinin artırılmasıdır.

Hərbi analitiklər hesab edirlər ki, Türkiyənin müdafiə sənayesində son illərdə əldə etdiyi texnoloji irəliləyişlər Ankara istehsalı raket sistemlərinə beynəlxalq marağı artırıb. Ekspertlərin fikrincə, Almaniyanın belə bir satınalma qərarı NATO daxilində müdafiə əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərə bilər.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr