AZ

Köçəryanın müharibə etirafı: Real imkan, yoxsa siyasi şou?- ÖZƏL

Robert Köçəryan 44 günlük müharibə ilə bağlı açıqlama verərək bildirib ki, müharibənin 3-4-cü günündən etibarən prosesin ağır nəticələnəcəyini anladığını və vəziyyətə müdaxilə etməyə çalışdığını deyib. O, həmin dövrdə ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, daha sonra isə məhkəmə icazəsi ilə xaricə getmək hüququ əldə etdiyini bildirib. Köçəryanın sözlərinə görə, COVID-19 testi ilə bağlı ziddiyyətli nəticələr olub və bu səbəbdən onun hərəkət imkanları daha da məhdudlaşıb. O həmçinin iddia edib ki, müharibənin dayandırılması istiqamətində əlaqələrindən istifadə etməsinə hakimiyyət tərəfindən mane olunub.

Köçəryanın müharibəyə "erkən müdaxilə edə bilərdim" iddiası real siyasi və diplomatik imkanlara söykənirmi, yoxsa bu, daha çox siyasi bəyanat xarakteri daşıyır? Onun açıqlamaları Ermənistanda daxili siyasi mübarizəyə və seçkiqabağı atmosferə necə təsir edə bilər? Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Köçəryanın 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti ilə bağlı məsələlərə münasibətdə sərgilədiyi mövqe bu ölkədə parlament seçkiləri ilə bağlı siyasi qüvvələr arasında gedən mübarizənin reallıqlarından habelə, bölgədə məlum geosiyasi güclər arasında geosiyasi qarşıdurmanın perspektivlərindən irəli gəlir. Sabiq prezident Paşinyanın opponenti olaraq onu Qərblə vədələşmədən, onunla koordinasiya etmədən ölkəni Azərbaycanla hərbi qarşıdurmaya sürükləməkdə ittiham edir və Paşinyanı Qərbin sifarişi ilə Ermənistanı Rusiyadan uzaqlaşdırma kursunun həyata keçirilməsində məsul bilir. Köçəryana görə Paşinyanın Rusiyaya münasibətdə sərgilədiyi mövqe, onun Ermənistanın KTMT-dan çıxaracağı ilə bağlı açıqlamaları  ölkəni Azərbaycanla hərbi qarşıdurmanın həlledici anında Rusiyanın və KTMT-nın hərbi dəstəyindən mərhum etmişdir. Ermənistan siyasi elitasında Qarabağ klanının təmsilçisi olaraq Köçəryanın bu jesti seçkilərdə seçici səslərini qazanmağa, habelə Rusiyanın simasında geosiyasi dəstəyi əldə etməyə hesablanmış siyasi gedişdir. Köçəryan bu gedişlə Ermənistanda Paşinyan iqtidarından narazı olan elektoratın səslərini qazanmağa çalışır ki, onların da müəyyən hissəsi müharibə nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan Qarabağ erməniləridir ki, Ermənistan vətəndaşlığını qazanıblar. Paşinyanla müqayisədə Köçəryan onlara münasibətdə Azərbaycanı guya ki, etnik təmizləmə siyasətini həyata keçirməkdə ittiham edir. Paşinyan Azərbaycanla münasibətlərin nizama salınmasında maraqlı siyasətçi kimi Qarabağ problemi ilə bağlı məsələlərə ehtiyatlı və təmkinli mövqe sərgiləyir, Qarabağ kartından seçkilərdə konyuktur maraqlar naminə istifadənin əleyhinədir. Köçəryan isə əksinə, əvvəllər olduğu kimi siyasi hakimiyyət uğrunda mübarizədə Qarabağ kartından yararlanmağa çalışır. Köçəryan anlayır ki, bu seçkilərdə o favorit deyil, Paşinyanın əsas siyasi opponenti erməni əsilli, iş adamı, Rusiyalı milyarder Karapetyandır. Bununla belə Köçəryan bu seçkilərdə onun qarşısında qoyulan vəzifəni yerinə yetirməyə çalışaraq seçici səslərini parçalamağa və Paşinyanı seçkilərin 2-ci turunda məğlub edilməsinə hesablanmış ssenaridə yer alıb, yalnız hadisələrin bu istiqamətdə gedəcəyi halda Köçəryan koalisiyon hökümətdə yer alacağına ümid edə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
84
olaylar.az

1Mənbələr