AZ

“Tok” maşını alanların NƏZƏRİNƏ – Elektromobillərə MARAQ niyə azalır? 

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 339 milyon 631 min dollar dəyərində 15 351 ədəd avtomobil idxal olunub. “Kaspi” qəzeti bu haqda araşdırma təqdim edib. Ötən ilin, yəni 2025-ci ilin eyni dövrü ilə müqayisə etdikdə aydın olur ki, ölkəyə idxal olunan avtomobillərin sayında 33,1% və ya 7 585 ədəd azalma var.

İndi ən çox diqqət çəkən məqam bir müddət əvvəl bazarda böyük ajiotaj yaradan elektrik mühərrikli avtomobillərin gələcək taleyidir. Hesabat dövründə ölkəyə dəyəri 7 milyon 898 min dollar olan elektromobil gətirilsə də, illik müqayisədə bu seqmentdə də say baxımından 30,1% (129 ədəd) azalma qeydə alınıb. Halbuki cəmi 2-3 il əvvəl bu bazarda əsl “elektrokar bumu” yaşanırdı: vergi güzəştləri, yüksək benzin qiymətləri, Çindən ucuz modellərin axını və sosial şəbəkələrdə formalaşan trend minlərlə insanı “tok maşını” almağa həvəsləndirmişdi.

Görünən odur ki, Azərbaycanda elektromobillərə olan kütləvi maraq sürətlə səngiyir.

Bəs gördüyümüz bu mənzərə sadəcə müvəqqəti bir durğunluqdur, yoxsa uzunmüddətli və qalıcı bir trendin başlanğıcı?

Beynəlxalq Enerji Agentliyinin (BEA) 2025-ci il hesabatına görə, dünyada elektrik avtomobillərinin sayı rekord sürətlə artsa da, hələlik ümumi avtomobil parkında onların payı dominant deyil. Hazırda qlobal avtomobil satışlarının 25 faizdən çoxunu elektrik avtomobilləri təşkil edir və 2030-cu ildə bu göstəricinin 40 faizə çatacağı proqnozlaşdırılır.

BEA-nın hesablamalarına əsasən 2030-cu ildə dünyada elektrik nəqliyyat vasitələrinin sayı 250 milyona yaxınlaşacaq. Həmin vaxt yollardakı bütün avtomobillərin təxminən 15 faizi elektriklə işləyəcək. 2035-ci ildə isə “hər 4 avtomobildən biri” elektrikli olacaq. Ən maraqlısı budur ki, artım tempi əvvəlki illərlə müqayisədə yavaşlasa da, proses dayanmayıb. Sadəcə, “partlayış mərhələsi”ndən “institusionallaşma mərhələsi”nə keçid başlayıb.

Elektrik avtomobilləri bazarının taleyini hazırda əsasən Çin müəyyən edir. Dünyada satılan elektromobillərin böyük hissəsi bu ölkənin payına düşür. 2025-ci ilin sonuna aid məlumatlara görə, Çində istehsal olunan yeni avtomobillərin təxminən yarısı artıq elektriklidir. Ölkədə yollarda hərəkət edən avtomobillərin 12 faizi elektriklə işləyir. Bəzi ekspertlər 2040-cı ildə Çində daxiliyanma mühərrikli avtomobillərin faktiki olaraq bazardan sıxışdırılacağını düşünürlər. Bu isə təkcə ekologiya məsələsi deyil. Burada söhbət milyardlarla dollarlıq sənaye hegemoniyasından gedir. Çin artıq avtomobil sənayesində Almaniya və Yaponiyanın onilliklər boyu qurduğu üstünlüyü dağıdır. Məhz buna görə ABŞ və Avropada Çin elektromobillərinə qarşı əlavə rüsumlar və məhdudiyyətlər tətbiq edilir.

Şok

Belə bir halda Azərbaycandakı azalmanın səbəbləri bir neçə istiqamətdə cəmlənir. 2023-2025-ci illərdə elektromobil almaq bir qədər də prestij və trend məsələsinə çevrilmişdi. İnsanlar texnologiyanın özündən çox, hamı alır psixologiyası ilə qərar verirdi. İndi isə bazar daha rasional davranmağa başlayıb. Alıcı artıq maşında quraşdırılan batareyaların neçə il işləyəcəyi, ehtiyat hissələrini haradan tapacağını, servis probleminin necə həll olunacağı ilə maraqlanır. Bundan başqa, elektriklə işləyən maşınların “ikinci əl bazarı” olacaqmı, “qışda enerji itkisi nə qədər olur” kimi suallar da alıcıları bir qədər gözləmə mövqeyinə çəkilməyə sövq edir. Bu suallar isə emosional alış dalğasını zəiflədib.

Azərbaycanda elektromobillərin şarj sistemi əsasən paytaxtla məhdudlaşır. Bakıda müəyyən inkişaf olsa da, bölgələrdə vəziyyət tam fərqlidir. Elektrik doldurma məntəqələrinin sayı məhduddur və sürətli şarj sistemi hələ geniş yayılmayıb. Nəticədə insanlar elektromobili şəhər maşını kimi görürlər, uzun məsafələr etibarlı nəqliyyat vasitəsi hesab etmirlər. Bu da xüsusilə rayonlara tez-tez gedən sürücüləri elektromobil alma qərarı verərkən tərəddüdə salır.

Azərbaycanda ikinci əl elektromobil bazarı yeni formalaşır. İnsanlar isə xüsusilə batareyanın dəyişmə xərcindən ehtiyat edir. Çünki bəzi modellərdə batareyanın dəyişdirilməsi minlərlə dollar tələb edir. Üstəlik, isti hava şəraiti və qeyri-stabil servis infrastrukturu bu qorxuları artırır. Bu gün Azərbaycan maşın bazarında çoxlu sayda nisbətən ucuz Çin elektromobilləri var. İlk mərhələdə bu, bazarı canlandırdı. Amma zaman keçdikcə bəzi istifadəçilər proqram təminatı problemləri, elektron nasazlıqlar, ehtiyat hissəsi çatışmazlığı, zəif təkrar satış qiyməti kimi məsələlərlə üzləşdilər. Nəticədə bazarda müəyyən “soyuma effekti” yarandı.

Azərbaycan üçün elektromobil məsələsinin ayrıca geosiyasi və iqtisadi tərəfi də var. Bir yandan ölkə neft-qaz ixracatçısıdır və yanacaq bazarı iqtisadiyyatın mühüm hissəsidir. Digər tərəfdən isə dünya sürətlə elektrikləşir. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, elektromobillərin yayılması yaxın illərdə qlobal neft tələbatını azaltmağa başlayacaq. Bu o deməkdir ki, Azərbaycan gec-tez bu transformasiyanın bir hissəsinə çevrilməlidir.

5-10 ildən sonra nə olacaq?

Hazırkı tendensiyalar göstərir ki, yaxın illərdə daxiliyanma mühərrikli avtomobillər tam yox olmayacaq. Amma böyük şəhərlərdə elektrik avtomobillərinin payı sürətlə artacaq, hibrid modellər keçid mərhələsinin əsas qalibi olacaq. Şarj infrastrukturu olan ölkələr bazarda üstünlük qazanacaq. 2030-cu ilə qədər Avropada bir çox ölkə benzin və dizel avtomobillərinin satışına ciddi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu isə avtomobil sənayesində “Nokia effekti” yarada bilər. Yəni dəyişən texnologiyaya uyğunlaşmayan markalar sıradan çıxa bilər.

Azərbaycanda elektromobil bazarı hələ erkən keçid mərhələsindədir. Yəni kütləvi infrastruktur yoxdur, bazar tam formalaşmayıb. Dövlət strategiyası tam oturuşmayıb və istifadəçi davranışı hələ stabilləşməyib. Bu səbəbdən indiki azalma elektromobillərin “ölümü” deyil. Daha çox, bazarın ilkin romantikadan reallığa keçidi kimi görünür. Əsas məsələ bundan sonra olacaq. Azərbaycan elektrikli nəqliyyatın regional mərkəzlərindən birinə çevriləcək, yoxsa bu prosesə gec qoşulan ölkələrdən olacaq? Çünki dünya artıq mühərrik dəyişir. Bakı bu yarışda sürücüdür, yoxsa, sadəcə, sərnişin? Yaxın illərdə sualın cavabı ortada olacaq.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr