AZ

Havaya gedən pullar – Tütünçülük niyə zəifləyib?

Azərbaycanda daha bir texniki bitkinin məhsulu əllərdə qalıb. Söhbət ölkəmizdə uzun bir tarixi olan tütündən gedir. Belə ki, ötən il Azərbaycanda son 20 ilin ən yüksək məhsulu - 8,4 min ton yaş tütün istehsalı qeydə alınıb.

Məhsuldarlıq yüksək olsa da, ixrac həcmində azalma var: 2024-cü ildə Azərbaycandan xaricə 22 milyon 390,21 min dollar dəyərində 6 937,34 ton orta damarcığı çıxarılmış, yaxud çıxarılmamış tütün xammalı ixrac olunmuşdusa, 2025-ci idə bu göstərici 20 milyon 176,62 min dollar dəyərlə 4 675,33 tona düşüb.

Bu ilin birinci rübündə ixracda azalma davam edib. Belə ki, yanvar-mart aylarında ölkədən 2 milyon 538,51 min dollar dəyərində 717,09 ton orta damarcığı çıxarılmamış, yaxud qismən və ya tam çıxarılmış tütün xammalı ixrac olunub. 2025-c ildə bu göstərici 2 milyon 843,61 min dollar dəyərlə 849,59 ton təşkil etmişdi.

Fed.az-ın yazdığına görə, ixracın azalmasının əsas səbəbi xarici bazarlarda yaranan əlverişsiz qiymət konyukturudur. Portala danışan tütün istehsalçıları bildirirlər ki, Azərbaycan tütününün əsas ixrac bazarlarına - Rusiya, Avropa ölkələrinə Pakistan, Braziliya və digər ölkələrdən ucuz xammal axını var. Bu da həmin bazarlarda qiyməti aşağı salıb. Fermerlər qeyd edirlər ki, xarici alıcılar 1 kq emal olunmuş quru tütünə 3,4-3,5 manat təklif edirlər ki, bu da maya dəyərindən aşağı olduğuna görə onlara sərf etmir. Nəticədə məhsul anbarlarda yığılıb qalıb, getdikcə quruluq artır, çəki azalır, bu da sahibkarlar üçün əlavə itki deməkdir.

Quru tütün istehsalçıları hökumətin əlverişli qiymətə satış bazarı tapmaqda onlara dəstək verməsini, həmçinin tütün məmulatlarının yerli xammaldan istifadə edən yeni istehsalçılarının bazara daxil olmasını çıxış yolu kimi qeyd edirlər.

Sahibkarlar həmçinin ötən ilki məhsulu anbarlarda qalanların bu il tütün əkinlərini kəskin azaltdıqlarını deyiblər. Rəsmi statistikaya əsasən 2024-cü ildə 2,6 min hektar sahədə tütün əkilib, bu 2023-cü ildəkindən 100 hektar azdır. Lakin bu sahələrdən yaş tütün istehsalı illik ifadədə 2.2 faiz artmaqla 6,5 min tona çatıb. 2025-ci ildə tütün əkinlərinin sahəsi 3,1 min hektara qədər artıb. İlin yekununda 8,4 min ton- 2024-cü ildəkindən 28,9 faiz çox tütün istehsal olunub. Bu il əkinlər azaldılırsa, məhsul istehsalında da azalmanın olacağını gözləmək olar.


Qeyd edək ki, 2024-cü ildə “Tütün və tütün məmulatı haqqında” qanuna yerli tütün istehsalçılarını qorumaq, siqaret istehsalçılarının yerli xammaldan istifadəsini artırmaq üçün üçün xüsusi dəyişiklik edilib. Dəyişikliyə əsasən 2024-cü ildə Azərbaycanda istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulub. Hökumət bu tələbi ölkədə tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması məqsədi ilə əsaslandırıb. Qanuna əsasən ölkədə fəaliyyət göstərən hər bir istehsalçı öz məhsullarının tərkibindəki maddələrin miqdarına dair Səhiyyə Nazirliyinə xüsusi hesabat təqdim etməlidir.

Ötən il sözügedən qanuna bir sıra dəyişikliklər də edilib. Həmin dəyişikliklə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilib. Qanuna əsasən, bu istehsal və idxal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qeydiyyata alınmalı və onların reyestri yaradılmalıdır. Həmçinin qanuna edilən dəyişikliklə tütün məmulatların istehsalı müəssisəsinin qeydiyyatı üçün 34 milyon manatlıq investisiya qoyuluşu tələbi müəyyənləşdirilib. Bir çox mütəxəssislər bunun yeni istehsal müəssisəsinin yaradılmasının qarşısını almaq, mövcud əsas istehsalçılar üçün inhisarçı şərait yaratmaq məqsədi daşıdığını bildiriblər. Təklifin əsaslandırmasında isə qeyd edilmişdi ki, bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Hökumət həmçinin bildirir ki, bu, beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.

Dəyişikliklə tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün azı 1 il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi kimi maraqlı tələb də qoyulub. Bu isə idxalçıların çevrəsinin kəskin məhdudlaşdırılması, idxalın da yerli inhisarçı istehsalçıların əlində cəmləşməsi və onların bazarda qiymətləri diqtə etməsinə şərait yaradacaq bir tələb kimi qiymətləndirilir.

Onu da bildirək ki, 2017-ci ildən etibarən dövlət tütün istehsalını subsidiyalaşdırır. Aqrar Subsidiya Şurasının 2025-ci ildə qəbul etdiyi qərara əsasən Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarında 2026-cı ildə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrindən toplanan Virciniya sortu yaş tütünün  hər tonuna 36 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrindən toplanan hər ton üçün 34 manat, digər tütün növləri üzrə 22 və 20 manat dövlət subsidiyası ödəniləcək.

Statistikadan aydın olur ki, siqaret istehsalçıları qanunvericiliyə edilən dəyişikliklərə əməl edərək yerli xammaldan istifadəni genişləndirmək əvəzinə xaricdən xammal idxalını kəskin artırırlar. Belə ki, ötən ilin birinci rübündə Azərbaycana xaricdən 21 milyon 702,26 min dollar dəyərində 1481,07 ton emal olunmuş, tərkibində tütün əvəzediciləri olan və ya olmayan çəkməli digər tütün gətirilibsə, bu ilin eyni dövründə bu, 25 milyon 341,14 min dollar dəyərlə 1779,88 tona yüksəlib.

Xarici xammala əsaslanan siqaret istehsalı və ixracında yüksək artım davam edir. Belə ki, 2026-cı ilin birincir rübündə Azərbaycandan xaricə  tərkibində tütün olan siqaretlərin ixracı 11 milyon 415,18 min dollar dəyərlə 698,73 milyon ədədə (ötən ilin eyni dövründə 6 milyon 767,77 min dollar dəyərində 459,49 milyon ədəd) yüksəlib. Bu məhsulun idxalına yaradılan maneələr nəticəsində  onun idxalı ötən iin birinci rübündə 1 milyon 630,45 min dollar dəyərlə 85,74 milyon ədəd olubsa, bu ilin birinci rübündə 323,47 milyon dəyərlə 15,54 milyon ədədə düşüb.

İxraca, yeni və yerli xammala üstünlük verə biləcək istehsal müəssisəsinin yaranmasına qarşı yaradılan maneələr rahatlıqla tətbiq olunsa da, inhisarçı istehsalçılara yerli xammaldan istifadəyə dair qoyulan normalara əməl olunmasına effektiv nəzarət və məsuliyyət mexanizmi yaradılmayıb. Belə bir mexanizm olsaydı, siqaret istehsalındakı kəskin artım yerli tütün istehsalçılarından məhsul alışının artması ilə müşayiət olunar, tütün istehsalçıları xarici bazarlardan asılı qalmazdı. Məlumat üçün qeyd edək ki, yanvar-martda ölkədə 3 milyard 816 milyon ədəd - ötən ilin eyni dövründəkindən 23,3 faiz çox siqaret istehsal edilib.

Son olaraq bildirək ki, Azərbaycanda siqaret istehsalını əlində cəmləyən iki müəssisədən biri olan "Baku International Tobacco" MMC "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni siqaret istehsalı müəssisəsi yaradacaq. Rəsmi məlumata görə, investisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır. Ümid edək ki, bu müəssisə işini yerli xammal üzərində quracaq...Musavat.com

Seçilən
10
1
ekologiya.az

2Mənbələr