Azərbaycanın mənzil siyasətinə proaktiv yanaşması və Bakıda həyata keçirilən şəhərsalma layihələri beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur.
Bunu Dünya Şəhər Forumu (WUF13) çərçivəsində “APA-Economics”ə açıqlamasında “İnsanlıq üçün Yaşayış Məkanı” Beynəlxalq Təşkilatının (Habitat for Humanity International) baş icraçı direktoru (CEO) Jonathan Reckford bildirib.
“Bakıya yenicə gəlmişəm, lakin artıq gördüklərim çox diqqətəlayiqdir. Burada həyata keçirilən layihələr və ölkənin mənzil ehtiyaclarına proaktiv yanaşması təqdirəlayiqdir”, – deyə o qeyd edib.
Jonathan Reckford Azərbaycanın Dünya Şəhər Forumuna ev sahibliyini yüksək qiymətləndirib: “Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin Bakıda bir araya gəlməsi həm mənzil probleminə, həm də real həll yollarına diqqəti artırmaq üçün mühüm imkandır”.
Onun sözlərinə görə, dünyanın, demək olar ki, bütün ölkələri mənzil təminatı ilə bağlı ciddi problemlərlə üz-üzədir: “Mənzil böhranının həlli üçün dövlət sektoru, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Hazırda dünyada təxminən 3 milyard insan qeyri-formal yaşayış şəraitində yaşayır. Məqsədimiz bu insanların yaşayış şəraitini mərhələli şəkildə yaxşılaşdırmaqdır”.
Jonathan Reckfordun sözlərinə görə, mənzil yalnız sosial ehtiyac deyil, həm də davamlı inkişafın əsas şərtidir.
“Uşaqlar sabit və təhlükəsiz mənzildə yaşayanda daha sağlam olur, məktəbdə daha yaxşı nəticələr göstərir və öz potensiallarını tam reallaşdıra bilirlər. Mənzil olmadıqda digər problemlərin həlli də çətinləşir”, – o əlavə edib.
Jonathan Reckford bildirib ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Habitat for Humanity International, hökumətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq mənzil problemlərinin həllində ən effektiv yanaşmadır.