AZ

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün doğum günüdür

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi və marşal Mustafa Kamal Atatürkün doğum günüdür.

Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı imperiyasının Saloniki şəhərində anadan olub. Hərbi təhsilini İstanbul Hərb Məktəbində alan Atatürk daha sonra Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirib və müxtəlif hərbi vəzifələrdə çalışıb.

Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusunda xidmət edən Atatürk xüsusilə Çanaqqala döyüşlərində göstərdiyi liderliklə tanınıb. Daha sonra Suriya-Fələstin cəbhəsində İldırım Ordular Qrupunun komandanı vəzifəsini icra edib.

Osmanlı imperiyasının süqutundan sonra Türkiyə İstiqlaliyyət müharibəsinə rəhbərlik edən Atatürk Ankara hökumətini yaradaraq milli azadlıq hərəkatının əsas liderinə çevrilib. Sakarya döyüşündəki uğurundan sonra ona "Qazi" adı verilib və marşal rütbəsi təqdim olunub.

1923-cü il 29 oktyabr tarixində Türkiyə Cümhuriyyəti elan edilib və Mustafa Kamal Atatürk ölkənin ilk prezidenti seçilib. O, 1938-ci ildə vəfat edənədək dörd prezidentlik dövründə Türkiyəyə rəhbərlik edib.

1934-cü ildə qəbul edilən Soyad Qanununa əsasən, Türkiyə Böyük Millət Məclisi tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilib.

Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə İstanbulda Dolmabaxça sarayında vəfat edib. Daha sonra nəşi Ankaradakı Anıtqəbir mavzoleyinə köçürülüb.

Atatürk Azərbaycanla bağlı söylədiyi fikirlərlə də yadda qalıb. O, 1921-ci ildə Azərbaycan nümayəndəsi İbrahim Əbilovu qəbul edərkən "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini işlədib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
baku.ws

2Mənbələr