AZ

Piyadanı vurub öldürən və hadisə yerindən qaçan sürücüdən xəbər var

Yol qəzası törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Murad Abdullazadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, hadisə 2023-cü il iyunun 6-da saat 22:10 radələrində Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində baş verib. Murad Abdullazadə etibarnamə əsasında idarə etdiyi “Khazar SD minik” markalı avtomobili Lənkəran şəhəri istiqamətində təxminən 60 km/saat sürətlə idarə edərkən, yolu soldan sağa adi yerişlə keçən piyada, Vilvan kənd sakini, 1967-ci il təvəllüdlü Hüseyn Əliyevi görüb.

 

İstintaqla müəyyən edilib ki, sürücünün hərəkət üçün təhlükə yarandığı anda avtomobili tormozlayaraq piyadaya çatmadan dayandırmaq üçün texniki imkanı olduğu halda, o, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərinə əməl etməyib. Piyadanın yolu keçməyəcəyini güman edərək hərəkəti davam etdirən sürücü avtomobilin ön sol hissəsi ilə piyadanı vurub. Nəticədə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli, sağlamlığa ağır zərər yetirilib. Alınmış ağır xəsarətlər nəticəsində Hüseyn Əliyev hemorragik və travmatik şokdan dünyasını dəyişib.

 

Bundan əlavə, məhkəmə tərəfindən müəyyən olunub ki, Murad Abdullazadə yol-nəqliyyat hadisəsindən sonra üzərinə düşən vəzifələri də yerinə yetirməyib. Belə ki, o, nəqliyyat vasitəsini saxlamayıb, qəza dayanma nişanını quraşdırmayıb, təcili tibbi yardım çağırmayıb, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməyib və hadisə barədə aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qaçıb.

 

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Murad Abdullazadə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətə azadlıqdan məhrum olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətləri təmin olunmayıb, dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, Lənkəran Rayon Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Murad Abdullazadəyə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən qismən toplanılaraq, ona 2 il 3 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5, 5.2.3 və 3.1-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxs hökmlə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılaraq, onun üzərində qəti olaraq 2 il 3 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 19 May 2026, 09:59   
Seçilən
5
pravda.az

1Mənbələr