AZ

Vahid Hacıyev: Azad edilmiş ərazilərdə "yaşıl enerji" prinsiplərinə xüsusi diqqət yetirilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində sosial-iqtisadi inkişaf bir-biri ilə sıx əlaqələndirilir.

APA xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Mənzilin Sosial və İqtisadi Gücü" mövzusuna həsr edilmiş tədbirdə deyib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, 30 illik işğal dövründə dağıdılmış ərazilərdə bütün işlər sıfırdan qurulur və bu, şəhərsalma siyasətinin daha düzgün formada həyata keçirilməsinə imkan yaradır.

“Mənzil yalnız sosial hüquq və ya fiziki sığınacaq deyil, eyni zamanda iqtisadi fəaliyyətin mühüm hərəkətverici qüvvəsidir”, – Vahid Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, dayanıqlı inkişaf sosial inklüzivlik olmadan mümkün deyil və eyni zamanda uğurlu məskunlaşma iqtisadi imkanlar yaradılmadan təmin edilə bilməz.

Vahid Hacıyev bildirib ki, postmünaqişə şəraitində mənzil təminatı insanların geri dönüşünün ilk görünən əlamətinə və ictimai etimadın əsasına çevrilir. Bu baxımdan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yeni yaşayış məntəqələri qurulur.

O qeyd edib ki, yeni kənd və şəhərlər əsas yolların yaxınlığında salınır, bu da iqtisadi fəaliyyət və məşğulluq imkanlarını artırır. Bununla yanaşı, həmin yaşayış məntəqələrində məktəb, uşaq bağçası, səhiyyə müəssisələri və digər ictimai xidmətlər də yaradılır.

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, layihələrdə iqlim amili və “yaşıl enerji” prinsiplərinə xüsusi diqqət yetirilir.

“Evlərin damlarında günəş panelləri quraşdırılır ki, bu da gələcək sakinlərin kommunal xərclərini azaltmağa imkan verəcək”, – o bildirib.

Vahid Hacıyev həmçinin kəndlərdə velosiped yollarının inşa olunduğunu, bunun insanların məktəb və digər xidmətlərə daha rahat çıxışını təmin etdiyini diqqətə çatdırıb.

O vurğulayıb ki, dayanıqlı məskunlaşmanın təmin olunması üçün iqtisadi inkişaf əsas şərtlərdən biridir. Bu məqsədlə hökumət azad edilmiş ərazilərdə azad iqtisadi zonaların yaradılması və biznes təşviqlərinin tətbiqi istiqamətində addımlar atır.

Çıxışının sonunda Vahid Hacıyev bildirib ki, sosial və iqtisadi amillər birlikdə nəzərə alınmadan davamlı yaşayış məntəqələrinin qurulması mümkün deyil.

Seçilən
0
2
apa.az

3Mənbələr