AZ

Fransanın şəhərsalma üzrə elçisi: Avropada demoqrafik dəyişikliklər mənzil siyasətinə ciddi təsir göstərir

Mənzil məsələsi həm iqtisadi, həm də sosial baxımdan dünyanın ən vacib çağırışlarından biridir və bu mövzu beynəlxalq prioritetlərin mərkəzində dayanmalıdır.

APA xəbər verir ki, bunu Fransanın Ərazilər, Ekologiya və Mənzil Nazirliklərində Dayanıqlı Şəhərlər üzrə Nazir Nümayəndəsi və Şəhərsalma üzrə elçisi İv-Loran Sapoval Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Mənzilin Sosial və İqtisadi Gücü" mövzusuna həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, qlobal sərvətin böyük hissəsini daşınmaz əmlak təşkil edir və bunun da əsas hissəsi mənzillərin payına düşür.

“Mənzil həm iqtisadi, həm də sosial məsələdir. Qlobal sərvətin 50 faizdən çoxu daşınmaz əmlakdır və bunun 60-70 faizi mənzillərdən ibarətdir”, – Sapoval bildirib.

Fransalı nümayəndə qeyd edib ki, hazırda əsas prioritet mövcud yaşayış fondunun qorunması və onun iqlim dəyişikliklərinə uyğunlaşdırılmasıdır. O vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində bir çox insan yaşayış yerini dəyişməyə və ya evlərini yeni şəraitə uyğunlaşdırmağa məcbur olacaq.

Sapoval əlavə edib ki, Avropada yaşlanan əhali və demoqrafik dəyişikliklər də mənzil siyasətinə ciddi təsir göstərir.

O bildirib ki, digər mühüm istiqamət sosial mənzil fondunun genişləndirilməsidir. Bunun xüsusilə işçilər və tələbələr üçün vacib olduğunu deyən Sapoval insanların iş və təhsil imkanlarına daha rahat çıxış əldə etməsinin əhəmiyyətini vurğulayıb.

“Yeni mənzillər tikərkən mövcud problemləri daha da ağırlaşdırmamaq əsas məsələlərdən biridir”, – o qeyd edib.

Çıxışının sonunda Sapoval mənzil sektorunda innovasiyaların vacibliyini diqqətə çatdıraraq, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün yeni yanaşmalara ehtiyac olduğunu bildirib.

Seçilən
13
2
apa.az

3Mənbələr