AZ

Komitə: Qarabağda yaşayış məntəqələri 15 dəqiqəlik şəhər prinsipi əsasında qurulur

Qarabağda yaşayış məntəqələri 15 dəqiqəlik şəhər prinsipi əsasında qurulur.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı yüksək səviyyəli dialoqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva deyib.

Onun sözlərinə görə, əlçatan mənzil təminatı üçün qarışıq maliyyələşmə (blended finance), inkişaf banklarının və beynəlxalq maliyyə institutlarının daha fəal iştirakı, eləcə də rəqəmsal texnologiyalar və müasir tikinti metodlarının tətbiqi mühüm əhəmiyyət daşıyır.

Gülşən Rzayeva bildirib ki, hökumətlər mənzil siyasəti, torpaq istifadəsi və hüquqi çərçivəni formalaşdırır, özəl sektor investisiya və innovasiya gətirir, vətəndaş cəmiyyəti isə icmaların real ehtiyaclarını bu prosesə çatdırır.

O qeyd edib ki, iqlim dayanıqlığı və inklüziv urbanizasiya Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərinin əsas istiqamətlərindən biridir.

Komitə rəsmisinin sözlərinə görə, 2016-cı ildə qəbul edilmiş strateji yol xəritəsinə uyğun olaraq yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dövlət torpaqlarında bazar qiymətlərindən aşağı qiymətə müasir və enerji səmərəli mənzillər inşa edir.

Gülşən Rzayeva vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış Proqramı Yeni Şəhər Gündəliyinin praktiki tətbiqinin ən güclü nümunələrindən biridir.

Onun sözlərinə görə, bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, “yaşıl enerji” zonaları və iqlimə həssas planlaşdırma əsasında yaşayış məntəqələri salınır. Mənzillər nəqliyyat, təhsil, səhiyyə, məşğulluq və sosial xidmətlərlə birlikdə 15 dəqiqəlik şəhər prinsipi əsasında planlaşdırılır.

“Əlçatan mənzil təkcə ev tikmək demək deyil. Bu, tam funksional icmaların və yaşayış ekosisteminin yaradılması deməkdir”, – Gülşən Rzayeva əlavə edib.

Seçilən
34
1
apa.az

2Mənbələr