Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun, urbanizasiya və müasir şəhərsalma sahəsində artan rolunun göstəricisidir. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, tədbirə dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq, bu harmoniyanın ölkənin memarlığında və şəhərsalma modelində də əks olunduğunu bildirdi. Xüsusilə qədim İçərişəhərlə müasir Bakı arasında yaradılan memarlıq vəhdəti Azərbaycanın həm öz tarixi irsinə sadiqliyini, həm də müasir urbanizasiya çağırışlarına açıq olduğunu göstərir.
Dövlət başçısı qeyd etdi ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir. Son illərdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri isə nadir rast gəlinən genişmiqyaslı urbanizasiya layihələrindən biridir.
Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı oldu. Dövlət başçısı qeyd etdi ki, 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərlər bu gün müasir standartlara uyğun şəkildə yenidən qurulur. Cəmi beş il ərzində bölgədə tunellərin, körpülərin, beynəlxalq hava limanlarının, məktəblərin, xəstəxanaların və yeni yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın iqtisadi və təşkilati potensialını nümayiş etdirir.
Forumda Azərbaycanın zəngin tarixi-mədəni irsinə də xüsusi diqqət ayrıldı. Prezident çıxışında Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Şuşa kimi qədim şəhərlərin memarlıq irsini xüsusi vurğuladı. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətinin milli-mədəni irsin qorunmasını əsas prioritet hesab etdiyini göstərir.
Bakının ekoloji transformasiyasına dair reallıqlar da forumun mühüm mesajlarından biridir. Bir vaxtlar neft sənayesinin yaratdığı ciddi ekoloji problemlərlə üzləşən paytaxt bu gün müasir parkları, yaşıl zonaları və urbanistik layihələri ilə fərqli sima qazanır. Xüsusilə keçmiş “Qara şəhər”in müasir Ağ Şəhər layihəsinə çevrilməsi urbanizasiya sahəsində uğurlu transformasiyanın simvolu kimi təqdim edildi.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajlardan biri də inkişafla tarixi irsin qorunması arasında balansın saxlanılmasıdır.
Bütövlükdə WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir. Bu forum vasitəsilə Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir.
Könül Nurullayeva, Milli Məclisin deputatı