AZ

Baş nazir sırf bu açılış üçün tur bələdçisi oldu

Macarıstanın yeni baş naziri Peter Magyar keçmiş hakimiyyət dövründə xalqa qapalı saxlanılan dəbdəbəli hökumət binalarını ictimaiyyətə açıb.

Musavat.com xəbər verir ki, o, jurnalistlər və vətəndaşlar üçün təşkil olunan xüsusi tur zamanı bələdçi rolunu özü yerinə yetirib.

Məlumata görə, 16 il hakimiyyətdə olan Viktor Orbán dövründə yenidən qurulan və böyük dövlət vəsaiti xərclənən tarixi binalar illərlə ictimaiyyətə bağlı olub. Yeni hökumət isə bu məkanları ilk dəfə insanların ziyarətinə açaraq əvvəlki iqtidarın xərclərini nümayiş etdirməyə çalışıb.

Turun əsas hissəsi Budapeştdə yerləşən keçmiş Karmelit monastırında keçirilib. Viktor Orbán uzun illər bu binadan baş nazirlik ofisi kimi istifadə edib. Bina yenidən qurularkən layihənin ilkin büdcədən bir neçə dəfə baha başa gəldiyi iddia olunur.

Peter Magyar tur zamanı hökumətlə xalq arasında “heç bir baryer olmamalı olduğunu” bildirib və əvvəlki dövrdə qurulan təhlükəsizlik baryerlərinin də söküldüyünü açıqlayıb.

Ziyarətçilər xüsusilə binadakı böyük kitabxana, qədim interyer, iclas salonları və Tuna çayına açılan məşhur terrasla maraqlanıblar. Media nümayəndələrinin illərlə daxil ola bilmədiyi bağ və həyətlər də ilk dəfə geniş ictimaiyyətə göstərilib.

Yeni baş nazir keçmiş hakimiyyəti israfçılıqda ittiham edib və bu tikililərin ölkədəki iqtisadi problemlər fonunda “xalqdan uzaq idarəçiliyin simvoluna çevrildiyini” vurğulayıb.

Qeyd edək ki, Macarıstanda keçirilən son seçkilərdən sonra Viktor Orbán hökuməti hakimiyyəti itirib və Peter Magyar ölkənin yeni baş naziri seçilib.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr