AZ

Qulaqda bitməyən səsin səbəbi bu imiş 

Oregon Health and Science University alimləri tinnitus (qulaqda səs eşidilməsi) ilə bağlı mühüm nəticələr açıqlayıb. Araşdırmaya görə, depressiya və narahatlıq müalicəsində istifadə olunan bəzi dərmanlar bu problemi gücləndirə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat göstərir ki, Serotonin adlı kimyəvi maddə yalnız əhval-ruhiyyəni deyil, həm də beynin eşitmə sistemini təsir edir. Serotonin səviyyəsinin artması qulaqdan gələn siqnalları gücləndirərək tinnitus əlamətlərini pisləşdirə bilər.

Alimlər xüsusilə Selective Serotonin Reuptake Inhibitors (SSRI) istifadə edən xəstələrdə simptomların müalicənin əvvəlində və ya doza dəyişəndə daha da artdığını müşahidə edib.

Araşdırma çərçivəsində beynin “dorsal koklear nüvə” adlanan hissəsi öyrənilib. Məlum olub ki, bu bölgədə serotonin müəyyən hüceyrələri stimullaşdıraraq səs siqnallarının daha sürətli və güclü ötürülməsinə səbəb olur.

Tədqiqatın müəlliflərindən Lawrence Trussell bildirib ki, həkimlər dərman istifadəsi ilə tinnitus arasındakı əlaqəni nəzərə almalıdır. O, həmçinin xəbərdarlıq edib ki, dərmanların özbaşına dayandırılması daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Eksperimentlərin növbəti mərhələsində alimlər serotonin yollarını bloklamaq üçün yeni metodlar sınaqdan keçiriblər. Nəticələr göstərib ki, bu müdaxilə tinnitus simptomlarını azaltmaq potensialına malikdir.

Mütəxəssislər qeyd edir ki, bu tapıntılar gələcəkdə daha hədəfli və effektiv müalicə üsullarının hazırlanmasına yol aça bilər.

Piranə Xasiyeva

Seçilən
44
qht.az

1Mənbələr