AZ

Ceyhun Bayramov: Azərbaycan dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlığın inkişafına sadiqdir

İşğaldan azad edilmiş ərazilərdə mina problemi ciddi maneə olaraq qalır. Rəsmi məlumatlara əsasən, həmin ərazilərdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu vəziyyət yenidənqurma, kənd təsərrüfatı, iqtisadi fəaliyyət və insanların təhlükəsiz qayıdışı üçün ciddi risk yaradır: “Buna görə də mina təmizlənməsi Azərbaycanın əsas prioritetlərindən biridir. Bərpa yalnız infrastrukturun yenidən qurulması deyil, həm də iqtisadi və sənaye zonalarının inkişafı, iqtisadi imkanların bərpası və uzunmüddətli sülhün təmin olunması deməkdir. Yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil yolları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr regionu geniş iqtisadi sistemlərlə birləşdirir. Bu investisiyalar ticarət, turizm, investisiya və məşğulluğu artırmaqla yanaşı, regionlararası qarşılıqlı asılılığı gücləndirir və Avropa ilə Asiya arasında əlaqələri möhkəmləndirir. Bu baxımdan Azərbaycan Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafında əsas rol oynayır və çoxtərəfli əlaqələndirmə gündəliyini fəal şəkildə dəstəkləyir”.

Ceyhun Bayramov qeyd edib ki, bu layihələr təkcə ənənəvi nəqliyyat infrastrukturu ilə məhdudlaşmır, həm də yaşıl enerji dəhlizləri, bərpa olunan enerji ötürülməsi sistemləri, enerji saxlama infrastrukturu və rəqəmsal fiber-optik şəbəkələrin inkişafını əhatə edir: “Məqsəd Avropa ilə Asiya arasında rəqəmsal və enerji bağlantılarını gücləndirməkdir. Gələcəyə baxaraq vurğulamaq istərdim ki, Azərbaycan dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlığın inkişafına sadiqdir. Biz şəhərlərin dayanıqlı əlaqələndirmə, iqtisadi inkişaf, dayanıqlılıq və regional əməkdaşlığın mərkəzinə çevrilməsini dəstəkləyirik. Biz inanırıq ki, düzgün siyasətlər və inteqrasiya olunmuş yanaşmalar sayəsində şəhərlər yalnız iqtisadi artımın deyil, həm də sülhün, sabitliyin və birgə rifahın əsas hərəkətverici qüvvəsinə çevrilə bilər”.

Seçilən
22
2
apa.az

3Mənbələr