AZ

Almaniya hökuməti “Uniper” enerji şirkətinin yenidən özəlləşdirilməsi prosesinə başlayır

ain.az, Azertag saytına istinadən bildirir.

Berlin, 19 may, AZƏRTAC

Almaniya hökuməti “Uniper” enerji şirkətinin yenidən özəlləşdirilməsi prosesinə başlayır. Hökumət şirkətdəki dövlət payının mərhələli şəkildə satışı ilə bağlı maliyyə məsləhətçiləri ilə danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

“Uniper” 2022-ci ildə Avropada enerji böhranı və Rusiyadan qaz tədarükünün kəskin azalması fonunda ciddi maliyyə çətinlikləri ilə üzləşmişdi. Şirkətin iflasının qarşısını almaq məqsədilə Almaniya hökuməti milyardlarla avroluq dəstək paketi ayıraraq, onu faktiki olaraq milliləşdirmişdi. Hazırda federal hökumət şirkətin səhmlərinin 99 faizindən çoxuna nəzarət edir. Məlumata görə, hökumət şirkətdəki iştirakını azaltmaq və onu yenidən özəl sektora qaytarmaq niyyətindədir. Satış prosesinin bir neçə mərhələdə həyata keçiriləcəyi ehtimal olunur. Qəzetin yazdığına görə, hökumət səhmlərin bazara çıxarılması üçün əlverişli iqtisadi şəraitin formalaşmasını gözləyir.

Reprivatizasiya planı Avropa Komissiyası qarşısında götürülmüş öhdəliklərlə də əlaqələndirilir. Belə ki, Almaniya hökuməti dövlət yardımı müqabilində “Uniper”in uzunmüddətli dövlət nəzarətində qalmayacağını vəd etmişdi.

Qeyd edək ki, Almaniyanın ən böyük enerji şirkətlərindən olan “Uniper” ölkənin qaz təchizatında mühüm rol oynayır. Bu şirkət SOCAR ilə də yaxından əməkdaşlıq edir. Ötən ilin oktyabrında SOCAR ilə “Uniper” arasında 2025-2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr