Azərbaycan xüsusi sinerji qurub. Şəhərləri bir araya toplayıb. Ölkəmiz Şərq və Qərbin mərkəzində yerləşir. Azərbaycan bunu strateji amilə çevirib.
Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov WUF13 çərçivəsində təşkil olunan “Bağlantılılığın Mərkəzində Şəhərlər: Şəhər Rekonstruksiyası və Regional Əməkdaşlıq” adlı xüsusi sessiyada bildirib.
C.Bayramov qeyd edib ki, iki il öncə Azərbaycan COP29-a ev sahibliyi etməklə böyük uğura imza atdı:
“Eyni zamanda Azərbaycan beynəlxalq əməkdaşlığın mərkəzindədir. Uzunmüddətli iqtisadi faydalar əldə etməyi hədəfləmişik. İşğaldan azad edilən ərazilərdə ağıllı idarəçilik prinsiplərinə əməl olunur. Bütün bunlar yeni yollar açır, yeni bağlantı mərkəzlərinin yaranmasına səbəb olur. Qarabağ və Şərqi Zəngəzura 50 milyarddan çox sərmayə yönəldilib. Azərbaycan töhfələrini göstərməkdədir. Biz bunu həm də sülh quruculuğu prosesinin tərkib hissəsi kimi görürük”.
XİN başçısı vurğulayıb ki, Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması regional əməkdaşlığın genişlənməsinə səbəb olub:
“2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanması çox böyük imkanlar vəd edir. Bu, gələcək addımlar üçün zəmin yaradır. Azərbaycan öz öhdəliklərinə sadiqdir. Xüsusilə vurğulamaq istərdim ki, minalanmış ərazilər iqtisadi inkişafa əsas əngəl yaradan amildir”.