AZ

"Yeni nəqliyyat dəhlizləri Asiya və Avropa arasında bağlantını gücləndirir" - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov regional iqtisadi əlaqələrin genişləndirilməsi və yeni nəqliyyat layihələrinin sülhə və əməkdaşlığa töhfəsi ilə bağlı fikirlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, müxtəlif regionlardakı sənaye zonaları arasında yeni əlaqələrin yaradılması və iqtisadi imkanların bərpası uzunmüddətli sülh və əməkdaşlıq üçün vacib şərait formalaşdırır.

Nazir bildirib ki, yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr Azərbaycanın sərhədlərindən kənara çıxaraq Asiya ilə Avropa arasında əlaqələri gücləndirir və regional iqtisadi artıma töhfə verir.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və “Şimal–Cənub” nəqliyyat dəhlizinin əsas təşviqedicilərindən biri kimi postmünaqişə dövründə multimodal bağlantı gündəliyini davam etdirir.

Onun sözlərinə görə, 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsünün əsasını qoyub və bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Asiya–Avropa xəttində yeni strateji bağlantı formalaşdıracaq.

Nazir əlavə edib ki, Horadiz–Ağbənd və Türkiyənin Qars–İğdır–Dilucu dəmir yolu xətləri Zəngəzur dəhlizini tamamlayaraq regionda nəqliyyat əlaqələrini daha da gücləndirəcək.

Aytəkin TOFİQQIZI

Seçilən
1
3
redaktor.az

10Mənbələr